Səyahətçi diareyası adətən bakteriyalar, parazitlər və ya viruslar tərəfindən yaranır. Bəs bu nə zaman baş verir? İnsan orqanizmi heç vaxt qarşılaşmadığı canlıların təsirinə məruz qalırsa, bu zaman bədəndə diareya başlaya bilər. Çünki bu orqanizmlərə qarşı bədəndə immunitet yaranmayıb.
Bu pozğunluğu yaradan orqanizmlər insan bədəninə adətən ərzaq və ya su ilə daxil olurlar. Bu adətən, əhalinin içməli su ehtiyatının ödənməsi üçün istifadə edilən hövzələr düzgün təmizlənmə prosesindən keçmədikdə baş verir.
Səyahətçi diareyası zamanı adətən bu simptomlar olur:
Ürəkbulanma;
Qusma;
Bağırsaqda qurultu;
Spazmlar;
Diareya;
Hərarət;
Orqanizm adətən yoluxmuş qidanın qəbulundan 12-72 saat sonra bu simptomları özündə göstərməyə başlayır. Çox vaxt xəstəlik yüngül keçir və 3-5 gündən sonra müalicəsiz keçib gedir. Ağır hallarda isə diareya zamanı qanlı ifrazata rast gəlmək olar.
Belə vəziyyət yaşadıqda həkimlər daha çox maye qabul etməyi və diareya əleyhinə olan preparatlardan istifadə etməyi məsləhət görürlər. Bəzən antibiotiklərin də köməyinə ehtiyac olur. Qanlı ifrazat və qızdırma olarsa, diareya əleyhinə preparatlar əks göstərişdir.
Ağır vəziyyətlər istisna olmaqla bu xəstəlik zamanı həkimə müraciət nadir hallarda olur. Bəzən isə nəcis analiz edilir və tərkibində hansı mikrobların olması araşdırılır. Və nəticələrə uyğun müalicə aparılır. Bütün hallarda bu xəstəliyə tutulmamaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.