B6 vitamini insan orqanizmində çox böyük əhəmiyyəti olan vitaminlərdən biridir. Orqanizmdə zülalın, vacib yağ turşularının, aminturşularının mübadiləsində, hemoqlobinin, beyin mediatorlarının sintezində iştirak edir, qlükozanın sinir hüceyrələri tərəfindən sorulmasına kömək edir.
B6 vitamini suda həll olan vitamindir. Bu vitamin orqanizmdə yetərincə olmadıqda bir sıra çatışmazlıqlara yol açır:
Qabıqlanan seboreya tipli dermatitin yaranması məhz bu əlamətlərdən biridir. Bu zaman kollagenin də normal sintezi pozulur.
Digər geniş yayılmış əlamətlərdən biri dodaq künclərinin çatları və iltihabıdır. Bu çox ağrılı proses olub yemək yeyərkən və danışaqkən qanaya bilir və narahatlıq yaradır. Bəzən dilin selikli qişasının iltihabı da baş verə bilir və bu vəziyyət qidanı çeynəməyə mane olur.
B6 vitamininin defisiti insan əhval-ruhiyyəsinin stabilliyini təmin edən serotonin hormonunun da səviyyəsinin azalmasına təsir edir. Araşdırmalar göstərir ki, B6 vitamininin səviyyəsi ilə depressiya, qıcıqlanma və s. arasında birbaşa əlaqə var. B6 vitamini əzələ yığılmalarında iştirak etdiyinə görə onun defisiti qıcolmalara, konvulsiyalara, spazmlara səbəb olan bilər.
Bəzən insan hədsiz yorğunluq və donuqluq hiss edir. Bu hemoqlobinin səviyyəsi aşağı düşdükdə özünü göstərir. Belə ki qırmızı qan hüceyrələrinin yaranmasında vitamin B6-nın çox vacib rolu olduğuna görə onun çatışmazlığı özünü yorğunluq kimi göstərir. Melatonin sintezi də bununla bağlıdır.
B6 vitamininin defisiti immun sistemə də öz təsirini göstərir. Bu zaman leykositlərin və antitellərin sintezi aşağı düşür və insan xəstəliklərə qarşı zəifləyir.
Bu vitamin orqanizmdə toplana bilmir, ona görə rezerv ehtiyatı yaranmır. Çox az faizi bağırsaq mikrobiotası tərəfindən sintez edilir. Əsas faiz isə qəbul etdiyimiz qidadan alınır. Hətta heyvan mənşəli qidalardan aldığımız vitamin orqanizm tərəfindən daha yaxşı sorulur, nəinki bitki mənşəli qidalardan aldığımız vitamin. Vegetarian olan insanlar qida qəbul edərkən bunu nəzərə almalıdırlar. B6 ilə zəngin qidalar əsasən bunlardır. Qoz, fındıq, cücərmiş taxıllar, ispanaq, qaraciyər, mal əti, balıq, yumurta, ağ kələm, banan, kartof və s. Bu qidalar normal qəbul edilərsə, orqanizmin bu vitaminə olan ehtiyacı ödənilir.