Diqqət əksikliyi və hiperaktivlik sindromu (DƏHS) ən çox rast gəlinən xroniki neyroinkişaf pozğunluqlarının növlərindən biridir. Bu zaman informasiyanın, xüsusi bacarıqların əldə edilməsi, saxlanılması və tətbiq edilməsi ilə bağlı çətinliklər yaşanır. Neyroinkişaf pozğunluqları aşağıdakı pozğunluqlardan bir və ya bir neçəsini əhatə edə bilər: diqqətin, yaddaşın azalması, qavrayış, dil, problem həll etmə bacarığının olmaması, sosial əlaqələr qurmada pozğunluq və s.
DƏHS-in 3 tipi olur:
Əsasən diqqət əksikliyinin üstünlük təşkil etdiyi;
Əsasən hiperaktivlik/impulsivliyin üstünlük təşkil etdiyi;
Kombinə olunmuş;
Araşdırmalara görə DƏHS 5% - 15% uşaqlarda inkişaf edir. Adətən oğlan uşaqlarında daha çox yayılmış olur. Lakin DƏHS-in diqqət əksikliyi tipi həm qız , həm də oğlan uşaqlarında eyni dərəcədə inkişaf edir. DƏHS əsasən irsiyyətlə keçən pozğunluqdur.
Əvvəllər bəzi mütəxəssislər uşaqların diqqətsiz, impulsiv, həddən artıq aktiv davranışlarına əsasən belə hesab edirdilər ki, DƏHS davranış pozğunluğudur. Lakin buna baxmayaraq DƏHS yalnız “səhv davranış” deyil, əsaslı nevroloji fonu olan pozğunluqdur.
Diqqət əksikliyi və hiperaktivlik sindromunun məlum spesifik səbəbləri yoxdur. Mümkün olan səbəblərə genetik, fizioloji, biomexaniki, davranış faktorları aiddir.
DƏHS pozğunluğunun müalicəsi zamanı uşaqların yaş faktoru nəzərə alınır. Adətən məktəbəqədər yaşda olan uşaqlara davranış terapiyası məsləhət görülür. Əgər terapiya zamanı adekvat olmayan davranışlar baş verərsə, dərman terapiyasına da keçid edilir. Məktəb yaşlı uşaqların müalicəsində isə davranış terapiyası ilə birlikdə dərman terapiyası da keçirilir.
Adətən yaş artdıqca yeniyetməlik və yetkin yaşlarda bu pozğunluq azalır, lakin bəzi problemlər qala bilir. Yetkin yaşlı insanlar konsentrasiya, diqqət pozğunluğu, tapşırıqları həll edə bilməmək, münasibətlərin davamlılığında çətinlik, təlaşlılıq kimi problemlərdən əziyyət çəkirlər. Yetkin insanlarda DƏHS diaqnozu qoymaq çətinləşir, çünki bir çox digər pozğunluqların simptomları ilə üst-üstə düşür. Müalicəsi isə uşaqlarda olduğu kimi stimuləedici preparatların qəbulu və terapiya ilə yanaşı aparılır.