Helicobacter pylori – insanın ən geniş yayılmış patogenlərindən biridir. İnfeksiyaya tutulmuş insanlarda xroniki qastrit yaradır və bu daha sonra xora xəstəliyinə, atrofik qastritə, mədəciyin adenokarsinomasına və s. xəstəliklərə gətirib çıxarır. Bu infeksiyanın müalicəsi qastritin sağalmasına, eləcə də bundan yaranan digər təhlükəli xəstəliklərin qarşısının alınmasına gətirib çıxarır.
Araşdırmalar göstərir ki, dünya əhalisinin 50%-ində məhz bu bakteriya mövcuddur. Əsasən həyat şəraiti daha aşağı olan ölkələrdə daha çox yayılmışdır.
Adətən mədənin selikli qişasında məskunlaşır və onu nazik qat şəklində əhatə edir. Helicobacter pylori mədənin turş mühitinə dözümlüdür, ancaq inkişaf edə bilmir. Onun artması üçün pH-ın neytral olması vacibdir. Xəstəlik bəzən simptomsuz keçir, bəzən isə yeməkdən sonra ağrı, ağırlıq hissi əmələ gəlir. İştahın itməsi, dilin üzərində ağ ərpin əmələ gəlməsi də bu xəstəliyin əlamətlərindən ola bilər. Əmələ gətirdiyi xarici qat bu bakteriyanı bəzi antibakterial preparatların təsirindən qoruyur. Helicobacter pylorinin müxtəlif ştammları mövcuddur və genetik dəyişiklik keçirir. Araşdırmalar nəticəsində məlum olub ki, bir insan helicobacter pylorinin bir neçə ştammına yoluxa bilər. Əgər bir ailə üzvündə varsa, digər üzvlərə də keçmə ehtimalı yüksəkdir. Əsas infeksiya mənbəyi xəstə insanlar və bakteriya daşıyıcılarıdır. Udma yolu ilə baş verən yoluxma adətən uşaq yaşlarında olur.
Müalicəsi zamanı proton pompası ingibitorları ilə antibiotiklər birgə istifadə olunur. Əgər xəstəlik ağırlaşıbsa, eradikasion terapiyaya üz tutulur.