Araşdırmalara görə dünyada baş verən ölüm hadisələrinin səbəbləri arasında ürək-damar xəstəlikləri ən çox yayılmış səbəbdir. Ürək funksiyasının və anatomiyasının dəyişməsinə təsir edən ürək xəstəlikləri xroniki ürək çatmamazlığının yaranmasına gətirib çıxarır. Ona görə xroniki ürək çatmamazlığı sərbəst xəstəlik kimi deyil, xəstəliklər nəticəsində yaranan ağırlaşma kimi nəzərdə tutulur. Belə olan halda da həkimlər xroniki ürək çatmamazlığından şübhə edərkən və ya belə bir diaqnoz qoyduqda əsas onun yaranma səbəbini tapmağa çalışırlar.
Ürək çatmamazlığından dünyada 26 milyon insan əziyyət çəkir. Ürək çatmamazlığı zamanı, ürək toxumaları metobolizm üçün lazım olan qanla təmin edilə bilmir. Xəstələrdə adətən təngənəfəslik, yorğunluq, ödəm əmələgəlmə və s. kimi hallar yaşanır. Təngənəfəslik fiziki iş zamanı yaranır və sakitlik vəziyyətinə keçdikdə itir. Xəstəlik irəlilədikcə, təngənəfəslik sakitlik zamanı da yarana bilər. Bəzən xəstə uzanılı vəziyyətdə olanda yaranır, oturaq vəziyyətə keçəndə isə itir.
Ürək xəstəliklərinin yaranma risk faktorlarına qeyri-düzgün qidalanma, aşağı səviyyədə olan fiziki aktivlik, tütün və alkohol məhsullarına zərərli bağlılıq aiddir. Hətta havanın çirklənməsi belə bu xəstəliklərin ağırlaşmasına gətirib çıxarır. Risk faktorları nəticəsində qan təzyiqinin artır, qlükozanın və ya lipidlərin qanda səviyyəsi yüksəlir, artıq çəki və piylənmə yaranır. Bütün bu hallar xəstədə gələcəkdə infarkt, insult, ürək çatmamazlığı riskinin yarana biləcəyinə işarə edə bilər.
Müalicəsi zamanı həkim xəstəyə həyat tərzini dəyişməsilə bağlı tövsiyələr verir və onu vəziyyəti ilə bağlı məlumatlandırır. Dərman terapiyası təyin olunur. Bəzən ağırlaşmış hallarda cihaz yerləşdirilir, hətta ürəyin transplantasiyası da həyata keçirilir. Əsas məqsəd ürək çatmamazlığına səbəb olan patoloji prosesin diaqnozu, aradan qaldırılması və ya müalicəsidir.