Enterovirus infeksiyaları hədsiz geniş yayılmış infeksiyalardır və dünyanın demək olar ki bütün ölkələrində bu virusun aktivliyinə rast gəlinir. Enterovirus infeksiyaları bağırsaq virusları tərəfindən yaradılan kəskin infeksion xəstəliklər qrupudur.
Bu infeksiyaların əsas xüsusiyyətlərindən biri sağlam virus daşıyıcılığıdır. Bunun nəticəsində virus spor formaya keçib uzunmüddət qala bilir. Belə infeksiyaların əhali arasında geniş yayılmasına səbəb insanların bu virusa həssaslığı və virus daşıyıcılığıdır. Bu mövsumi xəstəlikdir və daha çox yaz, yay, payız aylarında “üzə” çıxır.
Koksaki virusu ilk dəfə Amerikanın Koksaki şəhərciyində paralizə olunmuş uşaqda tapılmışdı. Virusa da göründüyü kimi bu şəhərciyin adı verilmişdir.
Xəstəliyin inkubasiya dövrü adətən 2-20 gün davam edir. Virusa yoluxma mədə-bağırsaq traktından ağız yolu ilə baş verir (çirkli əllər xəstəliyi). Lakin hava-damcı yolu ilə də yoluxmalar qeydə alınmışdır. Bu zaman virus tənəffüs yolları ilə orqanizmə daxil olub kəskin respirator infeksiyaların simptomlarını təkrar edir. Həmçinin sudan, meyvə-tərəvəzdən, uşaq oyuncaqlarıdan da yoluxma baş verə bilər. Hamilə anadan da övladına bu virusun keçmə hadisəsi qeydə alınmışdır.
Əsas risk qrupu 1-10 yaş uşaqlar olur. Daha böyük yaşlı uşaqlar və böyüklər çox nadir hallarda xəstələnirlər. Bəzən Koksaki virusu infeksiyası uşaqlarda simptomsuz da keçə bilir. Yalnız 1-3% hallarda xəstəliyin ağırlaşması qeydə alınıb. Orqanizmə koksaki virusu düşən uşaq ya yüngül formada xəstələnir və ya daşıyıcı ola bilər. Koksaki virusunun yaratdığı xəstəlik zamanı simptomların müxtəlifliyi: dəridə əsas əllərdə, ayaqlarda, ağız boşluğunun selikli qişasında xarakterik səpkilərin əmələ gəlməsi, bəzən simptomsuz, bəzən yüksək hərarətin olması bu virusun qeyri-müəyyənliyi ilə bağlıdır.
Koksaki virusu A və B olaraq iki yerə ayrılır. Koksaki B virusunun yaratdığı xəstəliyin ağırlaşması ürəyə də təsir edir. Məhz miokarditin yaranması letal nəticələrə səbəb ola bilər.
Xəstəliyin standart müalicə sxemi yoxdur. Lakin ilk simptomları hiss edən kimi həkimə müraciət etmək mütləqdir.