Metabolik sindrom müxtəlif metabolik pozğunluqlar qrupu kimi təsvir edilir. Bəzi mənbələrdə bu sindroma “bolluq sindromu” da deyilir. Yaş artdıqca metabolik sindromun yaranma riski getdikcə artır. Bu sindromun rast gəlmə tezliyi demək olar ki, piylənmə və 2-ci tip diabet kimidir. Metabolik sindrom bəzən uşaqlarda və yeniyetmələrdə də rast gəlinir. Lakin bu çox az hallarda olur.
Metabolik sindroma təsir edən faktorlar müxtəlifdir: yaşın artması, həyat tərzi, sosial-ekonomik status, insulin rezistentliyi, dislipidemiya, piylənmə və genetik meyllilik bunlara aiddir. Bu sindromun inkişafı ilə xroniki xəstəliklərin (ürək-damar patologiyası, qaraciyərin piylənməsi, artrit, böyrəklərin xroniki xəstəliyi, şizofreniya, hətta xərçəng) arasında əlaqə onilliklərlə qeyd olunmuşdu.
Metabolik sindromun inkişafı piy toxumasının miqdarından və onun paylanmasından asılıdır. Piylənmə mərkəzi nahiyədə olduqda, yəni qarın-bel nahiyəsində piylənmə bud hissəsinə nisbətdə çox olur risk daha da artır. Əksinə bud hissədə piylənmə qarın-bel nahiyəyə nisbətən çox olanda bu sindromun yaranma riski azalır.
Xarakterik əlamətləri qarın-bel bölgəsindəki piy qatı, hipertoniya, dislipidemiya və qan plazmasında qlükozanın anormal artımı aiddir. Məhz bu əlamətlərə görə sindromun diaqnostikası edilir. Bu zaman genetik meylliliyə də diqqət yetirilir.
Metabolik sindromun müalicəsi zamanı aşağıdakılara əməl edilməlidir:
Ürək üçün faydalı qida rasionu və fiziki aktivlik;
Dərman vasitələrindən metformin və statinlərdən istifadə;
Stressdən uzaq durmaq;
Siqaretdən imtina;
Piylənmə əleyhinə preparatlar və metabolik, bariatrik cərrahiyə;
Müalicənin əsasını davamlı fiziki aktivliyin olması və ürək üçün faydalı qida rasionuna əməl edilmə təşkil edir. Bədən çəkisini azaltma müddətində hipokalorili dieta, çəki stabilləşəndən sonra isə eukalorili dietaya keçilir. Piylənmə zamanı tətbiq edilən dieta ilə metabolik sindrom zamanı istifadə edilən dieta oxşar olsa da, metabolik sindromda qarın-bel bölgəsində olan kökəlmə lipid və ya karbohidrat mübadiləsinin pozulması ilə əlaqədar olduğundan dietada bunu nəzərə almaq lazımdır.
Stressdən uzaq olmaq üçün terapiya, meditasiya və nəfəs texnikalarından istifadə tövsiyə edilir.