Dəniz suyu müalicəvi məqsədlərlə geniş istifadə olunur. Hələ qədimdən dəniz suyunu müalicə məqsədi ilə çimmək və daxilə qəbul etmək tövsiyə edilirdi. Dəniz suyu müxtəlif duzlardan ibarət məhluldur və çox mürəkkəb tərkibə malikdir. Müasir tibbdə daxilə qəbul olunan dəniz suyu məhlullarının immunitetin stimulyasiyasında, həzm pozğunluqlarında, allergiyaya qarşı, ağciyər xəstəliklərində və s.-də faydası təsdiq olunmuşdur. Həmçinin dəniz suyunun özündə çimmək belə müalicə əhəmiyyətlidir.
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, müxtəlif dənizlərin suları öz tərkiblərinə görə fərqlənirlər. Lakin tərkiblərində müxtəlif duzların olmasına baxmayaraq, natrium xlorid duzu üstünlük təşkil edir.
Burun boşluğunun xəstəlikləri zamanı istifadə edilən dəniz suyu məhlulları selikli qişaya hərtərəfli təsir göstərir: iltihabı aradan qaldırır, epitelinin vəziyyətini yaxşılaşdırır, bakteriyalar və virusların orqanizmə burun boşluğundan daxil olmasının qarşısını alır. Dəniz suyu tərkibli dərman preparatları həll olmuş duzların miqdarından asılı olaraq 2 formada olur: izotonik və hipertonik məhlullar. İzotonik məhlulda həll olmuş duzların konsentrasiyası orqanizmdəki mayelərin tərkibinə yaxın olur. Hipertonik məhlul isə daha yüksək konsentrasiyalı olması ilə fərqlənir. Əhəmiyyətli olmasına baxmayaraq bu məhlulların da istifadəsində kənaraçıxmalar var. Belə ki dərman preparatlarının alınması üçün istifadə olunan dəniz suyu məhlulları orqanizmin həyat fəaliyyətinə hüceyrə və molekulyar səviyyədə təsir göstərməməlidir və toksik effekt yaratmamalıdır. Ona görə mütəxəssislər bu preparatları istehsal edərkən bəzi dəniz sularının toksik effekt verə biləcəyini ciddi şəkildə xəbərdar edirlər.
Ümumiyyətlə dəniz suyunda çimmək əhval-ruhiyyəni yaxşılaşdırır, həyat tonusunu qaldırır və bədənin termorequlə sistemini normallaşdırır. Ona görə də yay aylarında dənizdə bol-bol çimmək sağlamlığa ən gözəl yatırımdır. Dəniz, günəş və təmiz hava yay aylarının vazkeçilməzidir.