Müasir dövrdə həyatımız texnologiya ilə o qədər rahatlaşıb ki, hərəkət etməyə ehtiyacımız getdikcə azalır. Günümüzün böyük hissəsini oturaq keçiririk – işdə, evdə, hətta istirahət zamanı belə. Məhz buna görə 21-ci əsri oturaq həyat tərzi əsri adlandırırlar. Mövcud peşələrin böyük hissəsi də ofis işi-oturaq işlərlə və ya bədənin digər statik vəziyyətləri ilə əlaqəlidir.
Bir sıra tədqiqatlar göstərib ki, işçilərin uzun müddət oturaq vəziyyətdə qaldıqları şərait metabolik sindromun inkişaf ehtimalını 73% artırır. Bura piylənmə, 2-ci tip diabet və s. daxildir.
Həftədə on saatdan çox avtomobil idarə edən kişilərin ürək-damar xəstəliyindən ölüm riski həftədə cəmi dörd saat sürən kişilərlə müqayisədə 82% daha yüksəkdir. Ömrünün çox hissəsini avtomobillərdə keçirənlər isə daha çox risk faktorları ilə üzləşirlər: yük maşını sürücüləri, taksi sürücüləri və digərləri. Oturaq şəkildə keçirilən hər iki saatdan bir əgər fiziki fəaliyyət olmazsa, piylənmə və şəkərli diabet riski müvafiq olaraq 5% və 7% artır. Gündə 2 saat oturan insan ilə 10 saat oturan insan arasında müqayisə etsək, 2-ci qrup insanlarda piylənmə 25%, şəkərli diabet isə 35%-a qədər arta bilər.
Həmçinin oturaq həyat tərzinin bütün dayaq-hərəkət sistemi üçün də risklər yaratdığını qeyd edə bilərik. Uzun müddət oturma ilə əlaqədar olaraq ofis işçilərində onurğanın müxtəlif nahiyələrində bel, boyun, çiyin və s. ağrı hissi yarana bilər. Lakin bu vəziyyətin qarşısını almaq üçün hər saat ayağa qalxaraq qısa müddətli hərəkət etmək tövsiyə olunur. Bu qan dövranının yaxşılaşmasına kömək edir.
Bütün bu faktlar göstərir ki, oturaq həyat tərzi insan sağlamlığı üçün zərərlidir. Bununla belə, bu həyat tərzi əsasən metabolik problemlərin yaranması ilə əlaqələndirilir. Yəni uzun müddət oturan insanlar kifayət qədər fiziki aktiv olmurlar. ÜST fiziki fəaliyyət saatların sayını artırmaqla bunu kompensasiya etməyi tövsiyə edir. Bunun ən sadə yolu həftədə ən azı 5 dəfə 30 dəqiqə müddətində yürüş etməkdir.
Nəticə olaraq, uzun müddət oturmaq insan təbiətinə ziddir. İnsan hərəkət üçün yaradılmışdır. Davamlı olaraq hərəkətdə olan və aktiv həyat tərzi keçirən insanlar daha az hallarda zəiflik, apatiya, halsızlıq və s. hiss edirlər. Buna görə də hərəkəti şüurlu şəkildə həyatımıza daxil etmək vacibdir.