Plasebo — fizioloji cəhətdən qeyri-aktiv və ziyansız maddə olub, xəstənin psixologiyasına təsir etməklə onun vəziyyətinin yaxşılığa doğru dəyişməsini nəzərdə tutur. Yəni bu maddə və ya prosedurların tibbdə kimyəvi və farmakoloji cəhətdən heç bir müalicəvi təsiri yoxdu. Məhz xəstənin sağalacağına dair inamı, ümidi və gözləntisi sayəsində müsbət nəticə verir. Plasebo latın dilində “placere” sözündən götürülüb "məmnun edəcəyəm" və ya "xoşuna gələcəyəm" mənasını verir.
Həkimin hərəkətlərinə və təyin etdiyi müalicəyə olan etimadın formalaşması mürəkkəb biokimyəvi reaksiyaları işə sala bilər ki, bu da öz növbəsində simptomların qavranılmasına və xəstəliyin gedişatına təsir etmək iqtidarındadır. Gözlənti və inancların yaranmasına səbəb olan amillər arasında ən mühümü «verbal təlqin» hesab olunur. Buna görə də plasebonun neyrobioloji mexanizmini şərti olaraq “təlqin neyrobiologiyası” və ya “gözlənti neyrobiologiyası” adlandırmaq olar.
Müşahidə edilib ki, verbal yolla gözləntilərin yaradılması müxtəlif neyromediatorları aktivləşdirir. Pozitiv verbal təlqin pozitiv gözləntinin yaranmasına səbəb olur və nəticədə plasebonun ağrıkəsici effekti aktivləşir.
Plasebo effektini izah edən bir çox araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bu effekt nəticəsində bədəndə müxtəlif real biokimyəvi dəyişikliklər baş verir. İnsan sağalacağına inananda beyin endorfin və dofamin kimi təbii ağrıkəsici və xoşbəxtlik hormonları ifraz etməyə başlayır.
Araşdırmalar göstərir ki, hətta plasebo həblərinin rəngi belə insanların gözləntilərinə və bədənin reaksiyasına birbaşa təsir edir:
Qırmızı və Narıncı: İnsanlar bu rəngli həbləri "stimullaşdırıcı" kimi qəbul edirlər. Hətta içində heç bir aktiv maddə olmasa belə, qırmızı həb içən şəxslərin ürək döyüntüləri sürətlənə bilər.
Mavi və Yaşıl: Bu rənglər beyin tərəfindən "sakitləşdirici" kimi kodlaşdırılıb. Mavi rəngli plasebo həbləri yuxunu tənzimləməkdə və gərginliyi azaltmaqda daha effektiv olur.
Sarı: Adətən depressiya əleyhinə təsir bağışlayır.
Plasebo effekti — düşüncələrimizin bədənimizə necə təsir etdiyini göstərən ən gözəl nümunədir. Bu fenomen sübut edir ki, mürəkkəb psixoloji vəziyyətimiz bədənimizdəki fiziki prosesləri dəyişmək gücünə malikdir.
Əlbəttə, plasebo effekti hər dərdi sağaldan “sehirli çubuq” deyil. Xəstəliklərlə mübarizədə müasir tibbin nailiyyətləri və həkimlərin təyin etdiyi real müalicələr əvəzsizdir. Əsas olan odur ki, elmi müalicə ilə bədənimizin bu daxili gücünü - inamımızı birləşdirək, çünki ən yaxşı nəticə elm və inancın vəhdətindən doğur.