Qaraciyər həzm sisteminin fəaliyyətində,
insan orqanizmi üçün zərərli olan maddələrin, toksinlərin neytrallaşmasında
böyük rol oynayır. Qaraciyər xərçəngi olduqca nadir xəstəlikdir. Çünki xəstəlik
uzun müddət simptomsuz keçir və adətən təsadüfən aşkara çıxır. Bu isə olduqca
gec ola bilər. ÜST-ün ekspert qiymətləndirməsinə görə hər il dünyada 1.3
milyondan çox insan məhz bu xəstəlikdən vəfat edir.Onkoloji xəstəliklərin müalicəsinin müsbət nəticə
verməsi ilkin diaqnostikadan çox asılıdır. Qaraciyər xərçəngi adətən hepatit B,
C, qaraciyər serrozu fonunda yarana bilər. Əsas faktor uzun illər xroniki
olaraq davam edən iltihab ola bilər. İştahın azalması, çəki itirmə, səbəbsiz ürəkbulanma,
qusma, qarının üst nahiyəsində olan ağrılar, mexaniki sarılıq, sağ qabırğa
altında başlayan ağrının çiyinə verməsi kimi simptomlar bu xəstəliyin əlamətlərini
bildirə bilər. Digər xarakterik əlamət qaraciyərin ölçüsünün böyüməsidir.
Qaraciyər xərçənginin diaqnostikası kompleks yanaşma tələb edir. Qanın ümumi
analizi, ultrasəs müayinəsi, kompyuter tomoqrafiya, maqnit-rezonans
tomoqrafiyası və s. xəstəliyi müəyyən etməyə imkan verir. Həmçinin biopsiyanın
aparılması diaqnozu dəqiqləşdirməyə kömək edir. Xəstənin həkimə xəstəliyin
ilkin mərhələsində müraciət etməsi sağalma şansını yüksəldir. Ona görə də xərçəng
xəstəliyi yayılma ehtimalı olan xəstələrə (hepatit B, C, qaraciyər serrosundan əziyyət
çəkənlərə) hər altı aydan bir ultrasəs müayinəsi etmək məsləhət görülür.