Sürətli
həyat tərzi, qeyri-düzgün qidalanma, informasiya çoxluğu çox vaxt orqanizmimizin
qayğısına qalmağı yaddan çıxardır. Çox az sayda insan öz sağlamlığına nəzarət
edir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin dəyişilməsi gələcəkdə yarana
bilən hər hansı xoşagəlməz diaqnozdan insanı qoruya bilər. Həmçinin sağlamlığa
nəzarət imkan verir ki, daha da sağlam olmaq üçün nə etmək lazım olduğunu
araşdıraq, bu sahədə nə qədər irəli getdiyimizi bilək. Bədənin və ağılın lazımı
səviyyədə çalışdığını təmin etmək üçün yuxu, normal çəki və digər həyati vacib
funksiyaları izləmək mütləqdir. Bu motivasiyanı qaldırmağa və düzgün yolda olub
olmamağı müəyyənləşdirməyə imkan verəcək. Əyər səhhətinizlə bağlı hər hansı bir
problem varsa və səbəbini anlamırsınızsa, öz sağlamlığınıza nəzarət səbəbi
tapmaqda kömək edə bilər. Xroniki xəstəlikdən əziyyət çəkən insanlara bu daha
çox kömək olur. Məsələn, qarın ağrısından əziyyət çəkirsinizsə, səbəbinin nə
olduğunu bilmirsinizsə, onda gün ərzində nə yediyinizin siyahısını tutmaq və
bunların məhz sizə olan təsirini yazmaq tövsiyə olunur. Bədəninizin hər bir
orqanında olan dəyişiklikləri qeyd etmək və bu barədə həkiminizə xəbər verməlisiniz.
Bu həm diaqnostikanı tezləşdirəcək, həm də sizin vəziyyətiniz barədə həkimə
daha çox məlumat verəcək.