Yuxuda xoruldamaqdan əziyyət çəkən insanlar bunu özlərinin çatmamazlığı
kimi qəbul edirlər. Xorultu yuxu zamanı hava kütləsinin keçməsi ilə əlaqədar
olan burun-udlaq yolunun yumşaq toxumalarının vibrasiyası nəticəsində yaranır. Yaş
artdıqca xoruldama daha da güclənir. Ancaq xoruldama ciddi bir
patologiya deyil, lakin adəti hal aldıqda yuxunun keyfiyyətini aşağı salaraq
gün ərzində yorğun olmanıza gətirib çıxarır. Xorultunun etiologiyasının yuxu
zamanı əzələ rahatlaması olduğu bildirilir. Digər mümkün
səbəblərə burun çəpərinin əyri olması, burunda polip, allergiya
nəticəsində burun tutulması, badamcıq və adenoidlərin böyük olması, həcmli
boğaz toxuması, yumşaq damaq və ya dilçəyin normadan uzun olması.
Xoruldama adəti hal aldıqda
ciddi sağlamlıq problemlərinə yol aça bilər ki, bura obstruktiv apnoe sindromu aiddir.
Yuxu apnoesi yuxu zamanı tənəffüsün qısamüddətli dayanmasıdır. Yuxu zamanı tənəffüsün tez-tez dayanması kəskin oksigen
çatmamazlığına gətirir ki, bu da ürək-damar problemlərinə yol açır. 35%
hallarda yuxu zamanı ürək dayanması baş verə bilər.
Apnoeanın yaratdığı problemlər: yuxudan tez-tez ayılma (özünüz hiss etməsəniz
belə), yuxunun yüngül olması, dərin yata bilməmək, qanda oksigen səviyyəsinin
aşağı olması, xroniki baş ağrıları, yuxu zamanı öskürək və boğulma, artıq çəki,
günorta vaxtı yuxululuq və əzginlik. Uzunmüddətli apnoe həmçinin yüksək qan
təzyiqi və ürəyin genişlənməsinə səbəb ola bilər. Müalicəsi üçün ilk növbədə
həyat tərzində dəyişiklik etmək - çəkini azaltmaq, sağlam qidalanmaq,
yatmazdan öncə dərman qəbulundan və alkoholdan qaçınmaq, hər gün eyni vaxtda
yatmaq tövsiyə edilir. Yatarkən yatağın baş tərəfini qaldırmaq da
tənəffüs yollarına hava daxil olmasını asanlaşdırır. Hər hansı səbəbdən burun
tutulması varsa, bunu aradan qaldırmaq, müalicə etmək lazımdır. Xorultuya
fiziki blok səbəb olarsa, bu zaman törədən səbəbdən asılı olaraq cərrahi
müdaxiləyə ehtiyac duyula bilər.