Osteoporoz sümüklərin metabolik
xəstəliyidir. Osteoporozun ən ağır fəsadı sklet sümüklərinin qırılmasıdır. Bu
xəstələrin əlil olmasına səbəb olur. Daha yaşlı insanların isə ölümünə gətirib
çıxara bilər. Sümük toxuması insanın bütün həyatı boyunca
yenilənir. Bu prosesin intensivliyi yaş ötdükcə azalır. Osteoporozun inkişaf
etməsinin əsas mexanizmi sümük toxumasının dağılma prosesinin əmələgəlmə
prosesi üzərində üstünlük təşkil etməsidir. Bununla belə sümüklərin
və oynaqların osteoporozunu əvvəlcədən müəyyən etmək olmur. Bu xəstəliyin ilkin
diaqnostikasını çətinləşdirir
və terapiyanın başlamasını ləngidir. Sınıq baş verənə qədər xəstəlik simptomsuz
keçir. Osteoporoz zamanı sümük toxumasının mineral tutumu, sümük
toxuması kütləsi azalır və sümüklərin daxili strukturu pozulur. Nəticədə
sümüklər kövrəlir və sınmağa meylli olur. Sümüklər kövrəldikdə hətta kiçik
travmalar nəticəsində, bəzən isə travmalar olmadan belə sınıqlar baş verir.
Əmələgəlmə
səbəblərinə yaş faktoru, qadın cinsi, irsi meyllilik, revmatik
və endokrin xəstəliklər, kişilərdə androgenlərin çatışmazlığı, siqaret və içki
qəbulu, kalsium, D vitamini defisiti, bəzi preparatların uzunmüddətli qəbulu,
avropoid irqinə mənsubluluq və s. aiddir.
Osteoporoz üçün xarakterik olan
xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda və bazuönü
sümüklərində baş verməsidir. Müalicəsi zamanı kalsium və D vitamininin
səviyyəsinin korreksiyasına böyük diqqət yetirilir. Müalicədə məqsəd sümük kütləsini
saxlamaq, sınıqların qarşısını almaq, ağrının azaltmaq, funksiyaları bərpa
etmək və s.dir.