Karies nədir?
Karies dişin emalının (mina qatının) sonra isə dentin qatının (daxili qatın) dağılması
ilə əlaqəli diş çürüməsidir. Bu patologiyanı “insanlığın birinci stomotoloji
düşməni” adlandırmaq olar. Planetin 93%-i bu xəstəlikdən əziyyət çəkir. Bu gün
böyüklərdə 90% dişin itirilməsinin səbəbi kariesdir. Bundan başqa karies yalnız
hamıya məlum olan “deşikləri” əmələ gətirmir, həmçinin patologiyanı yan sahələrə
də yayır. Bu da paradontitin əmələ gəlməsinə səbəb olur. Sonrakı mərhələdə isə
çürümə baş verir və dişin itkisinə gəlib çıxardır.
Kariesin əmələ
gəlməsinə səbəb isə ağız boşluğunda yerləşən çox sayda müxtəlif mikroorqanizmlərdir.
Bu bakteriyaların həyat fəaliyyəti zamanı ifraz etdikləri turşular birinci mina
qatını, sonra dentin qatını, daha sonra isə pulpa kamerasını çürüdür. Onların
intensiv çoxalması diş ərpində baş verir. Ona görə müəyyən müddətdən bir dişləri
professional təmizləmə etdirmək lazımdır.
Bu xəstəliyin inkişafı mərhələlərlə baş verir:
İlkin mərhələdə
zədələnmə dişin mina qatında olan tünd və ya açıq ləkələr şəklində görülür;
Səthi mərhələdə
patologiya dişin mina qatında baş verir;
Orta mərhələdə
artıq patologiya dentin qatına keçir;
Dərin mərhələdə
isə çürümə dentinin daha dərin qatlarına və pulpa kamerasına keçir;
Kariesin əlamətləri:
Diş şirin,
turş, soyuq və ya isti ilə kontaktda olanda xoşagəlməz hisslər;
Diş
emalının bəzi hissələrdə tündləşməsi;
Diş səthində
kələkötürlüyün əmələ gəlməsi;
Ağızdan pis
qoxunun gəlməsi;
Möhkəm diş
toxumasında defektlərin əmələ gəlməsi;
Kəskin
kariesin olduğunu bildirən ağrının olması;
Ev şəraitində
ağız boşluğunun gigiyenası üçün profilaktik tədbirləri özümüz də həyata keçirə
bilərik. Səhər-axşam dişlərin yuyulması, hər yemək qəbulundan sonra ağız
boşluğunun yaxalanması, diş sapından istifadə edilməsi, şəkərin qəbulunun
azaldılması və möhkəm konsistensiyalı meyvələrin yeyilməsi sərbəst edə biləcəyimiz
vərdişlərə aiddir. Lakin karies əmələgəlmə riskini minimuma endirmək üçün
profilaktik olaraq stomatoloq müayinəsi vacibdir.