Aritmiya müxtəlif patoloji vəziyyətlər nəticəsində
yaranır. Buna həm ürək xəstəlikləri: ürək qüsurları, miokardit, həm də müşayiət
olunan xəstəliklər: tiroid xəstəliyi, anemiya səbəb olur. Bəzi hallarda ritm
pozğunluğunun yaranması anadangəlmə dəyişikliklərlə əlaqədardır. Fasilələr
tez-tez koronar ürək xəstəliyindən əziyyət çəkən insanlarda baş verir. Bu xəstəliyin
təzahürü ağrı deyil aritmiya olur. Ürəyin işemik xəstəliyi qorxulu ona görə
hesab olunur ki, məhz bu xəstəlik , daha doğrusu əmələ gələn aritmiya bir çox xəstələrin
ölümünə səbəb olur. Bu bəzən çox yaxşı əhval-ruhiyyə fonunda da baş verə bilər.
İnfarkt keçirmiş xəstələrdə bu ehtimal daha da artır. Ona görə də əgər sizdə və
ya yaxınlarınızda narahatlıq yaranırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Məhz həkim lazım olan araşdırmanı aparıb,
aritmiyanın səbəbini müəyyən edir. Kardioloq həkim elektrokardioqrammanın köməyi
ilə hansı aritmiyanın olduğunu, nə zaman baş verdiyini və s. müəyyənləşdirir.
Əgər aritmiya digər xəstəliklə əlaqədar
olarsa, bu zaman digər mütəxəssislərin məs: endokrinoloqun (qalxanabənzər vəzin
patologiyası) tövsiyəsi lazım ola bilər.
Aritmiyanın müalicəsi onların yaranma səbəbindən,
variantlarından, xəstənin həyatı üçün təhlükə dərəcəsindən asılı olaraq təyin
olunur. Qalxanabənzər vəzin patologiyası zamanı hormonal fon ilk növbədə
normaya salınır. Əgər aritmiya ürək xəstəlikləri ilə bağlıdırsa və vəziyyət
ciddidirsə, bu zaman həkim dərman müalicəsi yaza bilər. Bu dərmanları yalnız
mütəxəssis yaza bilər, çünki əks göstərişləri çoxdur. Həmçinin həkim xəstəni
mütəmadi olaraq nəzarətdə saxlayır, çünki aritmiya əleyhinə dərmanların yan təsirləri
də ola bilər. Aritmiya əleyhinə dərmanlar çoxdur və hər birinin də öz təsir
mexanizmi var. Tez-tez və ya daimi olan, həyat üçün təhlükə daşıyan, dərman
müalicəsinə tabe olmayan aritmiyalar zamanı həkim kardiostimulyatorun
qoyulmasını məsləhət görə bilər. Öz sağlamlığınızın qeydinə qalın.