Yazın gəlişi ilə mövsüm allergiyası da
başlayır. Bu özünü allergik rinit və konyuktivit şəklində göstərir. Xoşagəlməz
simptomların olması və onlarla mübarizəyə başlamaq bütün əhval-ruhiyyəni poza
bilir. Bundan başqa allergik rinit və konyuktivit daha qorxulu bir xəstəliyin –
bronxial astma xəstəliyinin xəbərçisi ola bilər. Ona görə də bu xəstəliyi daha
tez müəyyən etmək bu qədər vacibdir.
Mövsümi allergiyanın simptomları aşağıdakılar
ola bilər:
Burundan nəfəs almanın çətinliyi;
Burun tıxanıqlığı;
Rinoreya (burundan sulu seliyin axması);
Asqırtı;
Burunda yaranan qaşınma hissi;
İybilmənin azalması;
Allergik konyuktivitin simptomları üçün isə
gözün sulanması, qaşınma və gözün qızarmasını əlavə edə bilərik. Bu
simptomların fərqli xüsusiyyəti onların artımı ilə allergenlə təması arasındakı
əlaqədir. Məs: mövsümdən asılı olaraq güclənmə və ya ev heyvanı ilə olan
kontaktdan sonra.
Allergik rinit və konyuktivitin simptomatik
müalicəsi üçün bir neçə qrup preparatlardan istifadə olunur: yerli (damcı) və
sistem antihistamin preparatları, yerli qlükokortikosteroidlər (damcı, maz),
leykotrien reseptorların antaqonistləri. Xəstəliyin yüngül formalarında
kromoqlisin turşusunun damcı və sprey şəklində olan preparatlarından da istifadə
mümkündür.
Allergik rinit və adətən onu müşayət edən
allergik konyuktivit bronxial astmanın inkişafı üçün risk faktorları
sayılırlar. 15 - 38 % xəstələrdə bu üzə çıxır. Adətən allergik rinit xəstələrin
həyatının birinci yarısında baş verir. İlk zamanlar mövsümi simptomlar
narahatçılıq yaratmır, ona görə də həkimə müraciət etmək üçün heç bir səbəb
olmur. Lakin tədricən simptomlar artır, rinitin baş verməsinə səbəb olan
allergenlərin sayı çoxalır və çarpaz allergik reaksiyalar baş verməyə başlayır.
Nəticədə xəstə həkimin yanına gəldikdə artıq bronxial astmanın diaqnozu
qoyulmuşdur. Ona görə də əgər rinit mövsümi olaraq yaranırsa, həkimə bir qədər
tez müraciət etmək yaxşı olardı. Çünki həkim səbəb olan allergenləri müəyyən edəcək
və həyat tərzini, qidalanmanı, xəstəliyin müalicəsi və profilaktikasını dəyişmək
üçün tövsiyələr verəcək.