Antibiotiklər bakterial infeksion xəstəliklərin
müalicə və profilaktikası üçün istifadə olunurlar. Bu preparatların istifadəsinə
cavab olaraq bakteriyalar dəyişir, nəticədə antibiotiklərə davamlılıq yaranır. Antibiotiklərə
davamlılıq insanlarda və heyvanlarda deyil, bakteriyalarda yaranır. Davamlılığı
yaranan bakteriyalar həm insanları, həm də heyvanları yoluxdurur və bu
bakteriyaların yaratdığı infeksiyanı belə davamlılığı olmayan bakteriyaların
yaratdığı infeksiyaya nisbətən sağaltmaq çətin olur. Antibiotiklərə davamlılıq
uzun müddətli müalicəyə, tibbi xərclərin və ölüm hallarının artmasına gətirib
çıxarır. Çünki davamlılığın yeni mexanizmləri yaranır, getdikcə yayılır və
geniş yayılmış infeksion xəstəlikləri müalicə etmə bacarığımızı təhdid edir.
Getdikcə daha çox xəstəlikləri məs: pnevmoniya, tuberklyoz, qonoreya, qanın
infeksiyası, həzm sistemində olan pozğunluqları müalicə etmək çətinləşir və bəzən
də antibiotiklərin effektivliyinin itməsi ilə əlaqədar olaraq belə xəstəlikləri
sağaltmaq mümkün olmur.
Antibiotiklərə davamlılığın yayılmasının qarşısını
almaq və nəzarət etmək üçün hər bir insan aşağıda deyilənlərə əməl etməlidir:
Antibiotikləri yalnız ixtisaslı tibb işçisi tərəfindən
təyin edildikdə qəbul etməli;
Əgər tibb işçisi antibiotiklərə heç bir
ehtiyac yoxdursa deyirsə, onu tələb etməməli;
Antibiotikləri istifadə edərkən tibb işçisinin
dediyi göstərişləri yerinə yetirməli;
Özünə təyin olunmuş antibiotikləri başqalarına
verməməli və qalmış dərmanları içməməli;
Müntəzəm olaraq əlləri yumalı və digər
gigiyena qaydalarına əməl etməli, xəstə insanlarla xəstəlik müddətində yaxın
kontaktdan özünü qorumalı, vaxtlı-vaxtında vaksinləri etməlidir;
Bu halın qarşısını almaq üçün tibb işçiləri də
öz əllərinin, tibbi alətlərin və ətraf mühitin gigiyenasına xüsusilə diqqət
yetirməli, antibiotikləri onlara həqiqətən ehtiyac olduğu zaman təyin etməli, xəstələrə
antibiotiklərin qəbul qaydalarını, antibiotiklərdən qeyri-müntəzəm istifadə edərkən
yarana biləcək təhlükəni və infeksiyanın qarşısını almaq üçün daha nələrdən
istifadə edə biləcəyini başa salmalıdırlar.