Reabilitasiya - sağlamlıq vəziyyəti pozulmuş
insanların həyat şəraitini nəzərə almaqla funksional bacarıqlarının bərpasına, əlillik
səviyyəsinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksidir. Başqa sözlə reabilitasiya
uşaqlara, böyüklərə, yaşlılara gündəlik həyatda avtonom olmağa, onlara təhsil
almağa, işləmək və istirahət etməyə, həmçinin ailənin qayğısına qalmaq kimi
mühüm sosial funksiyaları yerinə yetirməyə kömək etmək məqsədi daşıyır. Buna
görə də reabilitasiya çərçivəsində müşayət olunan patoloji vəziyyətlərin (məsələn
ağrı sindromu), gündəlik həyatda lazım olan funksiyaların bərpasının, koqnitiv
pozğunluqların, görmə, eşitmə kimi pozğunluqlarının, qida qəbul etmə, ünsiyyət,
hərəkət çətinliklərinin aradan qaldırılmasına yönəldilmiş müalicə həyata keçirilir.
Həyatının müəyyən dövründə bu tədbirlər
kompleksi hər bir insana lazım ola bilər. Adətən travma, cərrahi müdaxilə, xəstəliklər,
digər sağlamlıq pozğunluqları və ya yaşla əlaqədar olan funksional davranış
pozğunluqları zamanı kömək olur.
Reabilitasiya xidmətinin bəzi nümunələri:
Kəllə - beyin travmasından sonra yaranan dil,
nitq və ünsiyyət pozğunluqlarının korreksiyası;
Yaşlı insanların evdə olarkən və yıxılma risklərinin
azaldılması üçün təhlükəsizliyini və avtonomluğunu qorumaq məqasədi ilə yaşayış
şərtlərinin dəyişdirilməsi;
Ürək – damar xəstəlikləri olan insanlara
sağlam həyat keçirmək üçün lazım olan bacarıqların öyrədilməsi;
Ətrafları amputasiya olunmuş insanlar üçün
protezlərin hazırlanması və quraşdırılması, bu protezdən istifadə qaydalarının
öyrədilməsi;
Yanıqla əlaqədar əməliyyat keçirmiş insanlara
ödemi azaltmaq, hərəkət funksiyalarını bərpa etmək, dərinin tez sağaltmaq üçün
şinanın qoyulması və sabitlənməsi;
Serebral iflic olan uşaqlarda əzələ sərtliyini
azaltmaq üçün dərman preparatlarının təyini;
Depressiyadan əziyyət çəkən insanlara
psixoloji yardımın göstərilməsi;
Görmə qabiliyyətini itirmiş insanlara ağ əsadan
istifadə etməyi öyrətmək;
Reabilitasiya xidmətləri yüksək səviyyədə
individualdır, yəni bütün müdaxilələr xəstənin istəklərinə uyğun seçilir.
Reabiliyasiya xidmətləri həm tibb müəssisələrində, həm də evdə göstərilə bilər.
Bu zaman prosesdə müxtəlif sahələrin mütəxəsisləri iştirak edə bilər. Məs: fizioterapevtlər,
loqopedlər, audioloqlar, ortopedistlər, kliniki psixoloqlar, həkim-reabilitoloq
və tibb bacıları.