Allergik rinit – burunun selikli qişasının allergen deyilən, orqanizmə yad olan maddələrə qarşı verdiyi iltihabi cavab reaksiyasıdır. Həmin maddələr hər kəsdə deyil, yalnız bu allergenlərə həssaslığı olan insanlarda allergik rinitə səbəb olur. Allergik rinit soyuqdəyməyə bənzər və ya qripə bənzər əlamətlərlə özünü göstərir. Soyuqdəymədən və qripdən fərqli olaraq allergik rinitə səbəb viruslar yox, allergenlərdir. Bu xəstəliyə istənilən yaşda həm kişilər, həm qadınlar tutula bilər. Lakin uşaqlar allergik rinitə qarşı daha həssasdırlar.Allergik rinitin təsnifatına gəldikdə, onun iki forması vardır:
Mövsümi allergik rinit: bu rinit hər il eyni aylarda özünü göstərir. Mövsümi yəni adından da məlum olduğu kimi mövsümlə əlaqədar olaraq yaz, yay, payız aylarında meydana çıxır. Belə ki, ağacların çiçəklənməsi dövründə (yaz), ot-çəmən bitkilərinin (yay) və yabanı bitkilərin çiçək tozcuqlarının (polenlərin) hesabına baş verir. Buna görə də mövsümi allergik rinitə pollinoz da deyirlər.İl boyu davam edən rinit: il boyu davam edən rinit diaqnozu o zaman qoyulur ki, o, özünü doqquz aydan çox və gündəlik olaraq özünü ən azı iki saatdan bir göstərir. Bu vəziyyət selik ifrazlı zökəm, burun və gözlərdə yanma hissiyyatı, bəzən isə öskürəklə müşayiət edilir. İlboyu davam edən allergik rinit adətən ev tozu gənələrinə, kif göbələyinə, hamam böcəyinə və ev heyvanlarının (it, pişik) tükünə qarşı yaranmış olur. Allergik rinitin əlamətləri
Xəstələrin şikayətləri asqırma, burun tutulması, burun axıntısı, burunda, boğazda, damaqda qaşınma, gözlərin qaşınması, sulanması, burun əfrafı sinuslarda təzyiq hissi, üz ağrısı, öskürək, iy və dadbilmənin pozulması kimi hallar görülə bilər. Oxşar əlamətlər soyuqdəymə zamanı da müşahidə edilə bilər. Lakin allergik rinit zamanı burun axıntısı rəngsiz və daha duru olur. Soyuqdəymədə isə qatı və ağ yaxud da sarı rəngli ifrazat şəklində görülə bilir. Soyuqdəymə zamanı əlamətlər virusa məruz qaldıqdan yəni viruslu xəstə ilə kontaktdan bir neçə gün sonra görülə bilər və 5-7 gün sonra tədricən yüngülləşir. Allergik rinitdə isə əlamətlər allergenlə təmasdan həmən sonra müşahidə edilir və təmas davam etdikcə əlamətlər də davam edir.
Allergik rinit yuxarıda qeyd edilən əlamətlərin olması hesabına həyat keyfiyyətinə çox pis təsir göstərir: əmək və zehni fəaliyyət azalır, təhsildə davamiyyət aşağı düşür, yuxu keyfiyyəti pozulur və bununla əlaqədar bir çox narahatlıqlara səbəb olur.Allergik rinitin müalicəsi
Allergik rinitin müalicəsi üçün əsas şərt allergenin uzaqlaşdırılmasıdır. Sonra isə dərman preparatlarından istifadədir. Müxtəlif qrupdan olan dərman preparatları müalicə zamanı istifadə olunur. Bunlardan kombinəolunmuş preparatlar, nazal qlukokortikosteroidlər və leykotrien reseptoru antaqonistlərindən istifadə edirlər. Bu preparatları həkim məsləhəti olmadan və uzun müddətli istifadə etmək olmaz. Lakin allergik rinitin müalicəsi üçün başlıca dərman qruplarından biri – histamin əleyhinə dərmanlardır. Bu preparatları isə həm kəskin, həm də xroniki proseslər zamanı istifadə etmək olar. Antihistamin preparatlar allergik reaksiyalarda mühüm rolu olan mediatorun, yəni histaminin ifrazını blokada edir. Müxtəlif nəsil antihistamin preparatlar vardır. Lakin allergik rinit simptomlarını tez, effektiv və təhlükəsiz aradan qaldıran preparatlara daha çox üstünlük verilir. Hal hazırda farmakoloji bazarda allergiyaların müalicəsi üçün setirizin molekulu uğurla istifadə edilir. Setirizin yuxululuq vermədən, asılılıq yaratmadan allergiyanın qarşısını alır. Effektini tez yəni 20 dəqiqəyə göstərir. Terapevtik konsentrasiyaya bir saata çataraq allergiya ilə aktiv mübarizə aparır.