Yanıqlar
dünyada çox geniş yayılmış ağır travmalardan biridir. Yanıqların müalicəsi çətin
və vaxt tələb edən prosesdir. Termiki yanıqlar çox təhlükəlidir, çünki onlar
hüceyrə və toxumaların əsası olan mürəkkəb zülalların dağılmasına gətirib
çıxardır.
Termiki
yanıq yüksək temperaturun dəriyə təmasından yaranır: od, qaynamış su, əridilmiş
yağ, qızdırılmış metal və s. Yanığın təhlükəliliyi onun əhatə etdiyi sahədən və
toxumaları nə qədər dərindən zədələdiyindən asılıdır.
Yanıqlar
zamanı ilkin olaraq xarici faktorların təsirlərini dayandırmaq və yaranın
müalicəsi ilə məşğul olmaq lazımdır. Yüngül yanıqlar zamanı zədələnən hissəni
suyun altında 10-15 dəqiqə saxlamaq lazımdır. Bu ağrının azaltmaq və
toxumaların ödeminin qarşısını almaq üçün edilir. Yüngül yanıqlar zamanı
qızarmış sahəni spirtlə sürtmək də olar . Həmçinin yanıqlara qarşı olan
aerozollardan da istifadə etmək olar. Bu preparatlardan gündə bir neçə dəfə istifadə
etməklə sağalmanı tezləşdirmək olar.
2-ci dərəcəli
yanıqlar zamanı isə qabarcıqlar əmələ gəlir və bəzən bunlar partlayırlar, yəni
dərinin tamlığı pozulur. Ona görə spirtdən istifadə etmək olmaz, çünki ağrı və
qıcıqlanma yaradacaq. Yanıqlar zamanı yaranan qabarcıqları deşmək olmaz, onlar
dərini infeksiyadan qoruyur. Bundan başqa yanmış yerə pambıq qoymaq olmaz,
çünki dərini qıcıqlandıra bilər. Ona görə steril sarğı qoyulur. Sarğı çox sıx
deyil, boş olmalıdır. Sarğı dəriyə hava axınını kəsir, ağrının qarşısını alır,
qabarcıqları zədə almaqdan qoruyur. Dəriyə yağ, yağlı mazlar və digər yağlı
maddələr sürtmək olmaz, çünki istilik yaratmaqla yanmış yerin daha da zədələnməsinə
səbəb olacaqdır.
Əgər
ocaqdan anidən alovlanma baş vermişdirsə, tez paltarı cırmaq lazımdır və üzərinə
su, qar və s. alovu söndürən vasitələrdən tökmək lazımdır. Əgər ətrafda su
yoxdursa, alovu söndürmək üçün yanan şəxsin üzərinə qalın parça atmaq olar.
Lakin ehtiyatlı olmaq lazımdır, çünki nə qədər yanmış paltar çox dəriyə
yapışsa, yüksək temperaturun ziyanları bir o qədər çox olacaqdır. Zərər çəkmiş
adamı tənəffüs yollarının zədələnməsindən və toksik qazlarla zəhərlənmədən qorumaq
üçün başdan ayağa bükmək olmaz. Alovu söndürəndən sonra paltarları çıxartmaq
lazımdır. Paltar dəriyə çox yapışıbsa, təkbaşına onu çıxartmaq olmaz. Çünki bu
zaman daha çox dəri qatı ayrıla bilər ki, bu da qanaxmaya, infeksiyanın düşməsinə
gətirib çıxardar. Xəstəyə ağrıkəsici verərək təcili yardımı çağırmaq və ya xəstəxanaya
aparmaq lazımdır. Daha ağır geniş yanmış xəstələri soyuq suya salmaq olmaz,
çünki şok vəziyyətinin yaranmasına səbəb ola bilər.