Psoriaz çox geniş yayılmış xroniki xəstəlikdir
və dünyada 1 - 5% insanlarda rast gəlinir. İmmun sistemin zəif olması psoriazı
yaradan səbəblərdən biridir. Psoriaza xarakterik olan yaralar bədənin müxtəlif
nahiyələrində əmələ gəlir. Adətən dizdə, dirsəkdə və saçların dibində böyük və
ya kiçik yaralar şəklində əmələ gəlir. Açıq dərili insanlar tünd dərililərə
nisbətən daha çox risk altında olurlar. Adətən 16 – 22 yaş arası və 57 – 60 yaş arası daha çox əziyyət çəkir.
Psoriaz zamanı əmələ gələn qabarıq ləkələr hüceyrələrin həddindən tez artması
ilə əlaqədardır. Hüceyrələrin belə artımının səbəbi hələ ki müəyyən edilməmişdir,
lakin immun sistemi ilə əlaqədar olduğu fərz edilir. Bəzi insanlar isə genetik
olaraq bu xəstəliyə meyilli olurlar. Bəzən bir ailədə bir neçə nəfərdə ola
bilir.
Psoriaz bütün ömür boyu qala da bilər, bəzən
isə əmələ gəlib itə də bilər. Adətən simptomları yay aylarında itir, çünki güclü
günəş şüalarının təsirinə məruz qalır. Psoriazdan əziyyət çəkən insanların 5 –
30%-də artrit də əmələ gələ bilər. Psoriatik artrit oynaqlarda ağrı və ödəm əmələ
gətirir.
Psoriaz heç bir səbəb olmadan və ya müxtəlif
qıcıqlandırıcı faktorların təsirindən güclənə bilər. Kiçik travmalar, güclü günəş
yanıqları bu qıcıqlandırıcı faktorlardan sayılır. Bəzən kəskinləşmələr adi
soyuqdəymə və streptokoklu faringitdən sonra yaranır. Stressli ətraf, alkoqolun qəbulu, qış mövsümü
də bu xəstəliyi tətikləyir. Piylənmədən, insanın immundefisiti virusundan əziyyət
çəkən insanlarda xəstəlik güclənə bilər.
Bu xəstəliyin diaqnozunu təsdiqləmək üçün həkim
müayinə aparır və əmələ gələn ləkələrin xarici görünüşünə görə, yerləşdiyi yerə
görə diaqnoz qoyur. Bəzən dərinin biopsiyası da lazım olur.
Müalicəsinin aparılmasında istifadə olunan
vasitələr:
Yerli təsir göstərən preparatlar
(kortikosteroidlər, nəmləndirici vasitələr və s.);
Fototerapiya;
İmmunodepressantlar;
Digər preparatlar;
Psoriazın mülicəsi üçün preparatlar müxtəlifdir.
Həkim adətən xəstəliyin ağırlığından və yayılma ərazisindən asılı olaraq bir
neçə dərmanların kombinasiyasından istifadə edir. Əmələ gələn ləkələr çox güclü
fiziki diskomfort yaratmır, lakin onların görünüşü insanı narahat edir. Nəticədə
ciddi psixoloji stress yaranır. Ona görə də xəstəlik sağaldıqdan sonra belə
profilaktik olaraq həkim müayinəsində olmaq lazımdır.