Sağlam qidalanma, idmanla müntəzəm məşğul olma,
hərəkətli həyat tərzi mütəxəssislərin arıqlamaq istəyən insanlara verdikləri məsləhətdir.
Lakin bu zaman bədən çəkisinin itirilməsi tədricən baş verir. İnsanların çoxu
isə daha tez nəticə almaq istəyir. Ona görə də 1 aylıq və hətta 1 həftəlik
dietalara başlayırlar. Bəs belə dietalara əməl etməklə sağlam arıqlamaq
mümkündürmü?
Belə dietalar ekspress dietalar adlandırılır.
Və adətən bir prinsip üzrə təsir göstərir. İnsan orqanizmini stressli,
ekstremal vəziyyətlərə salmaqla çəki azalmasına nail olurlar. Belə dietalardan
1-2 gün sonra həqiqətən də çəki azalması baş verir. Lakin bu piylərin əriməsi
hesabına deyil, orqanizmin mayeni itirməsi hesabına olur. Bundan başqa orqanizm
orqanların dayanmadan işləməsini təmin etmək üçün daxili resursları istiifadə
etməyə başlayır. Bu zaman nəinki piylərdən, həmçinin əzələlərdən də istifadə
edir.
Ekspress dietaları saxladıqdan müəyyən müddət
sonra əvvəlki çəkinin geri qayıtdığı müşahidə olunub, bəzən hətta əvvəlki çəkidən
də çox qayıdır. Belə əks effekt metabolizm zəiflədiyi üçün baş verir. Əgər
insan birdən-birə dietaya başlayırsa, orqanizm bunu məcburi aclıq kimi başa
düşür. Ona görə də kəskin ekonom rejimə keçir və daha çox qida maddələrini
saxlamaq üçün metabolizmi zəiflədir. Bu zaman da insan adi qidalanmaya qayıdarkən
bədən hələ də o “aclıq günlərini” yadda saxlayaraq ilk vaxtlar ekonom rejimdə
işləməyə davam edir və qida maddələrini ehtiyat üçün piy şəklində orqanizmdə
saxlamağa davam edir.
Orqanizmin birdən-birə belə dietalara
başlaması baş beyində dəyişikliklər, öd daşlarının əmələ gəlmə riski, yuxunun
pozulması, əhval-ruhiyyənin dəyişikliyi, dərinin tez qocalması, menstrual
tsiklin pozulması və s. kimi pozğunluqlar əmələ gətirə bilər.
Az kalorili dietalar həkimlər tərəfindən
istifadə olunur. Amma belə pəhrizlər piylənmədən əziyyət çəkən xəstələrə tövsiyə
olunur və professional dietoloq tərəfindən hazırlanır. Ona görə də ev şəraitində
dietaya başlayarkən mütəxəssislərdən məsləhət almaq vacibdir.