İdman travmaları – idman və fiziki məşqlərlə məşğul
olma zamanı yaranan bədənin hər hansı bir hissəsinin zədələnməsidir. Belə
travmaların müalicəsi və profilaktikası öz spesifikliyi ilə fərqlənir. Belə
travmalar adətən toqquşmalar, yıxılmalar, zərbələr nəticəsində olur. Həddindən
artıq yüklənmələr də yaralanmalara səbəb ola bilər. Bəzən əzələlər kifayət qədər
isinmədikdə kəskin dartılmalar baş verir, bu da məşq zamanı toxumaların zədələnməsinə
səbəb olur. Təhlükəsizlik qaydalarının pozulması, çəkisinə uyğun olmayan
avadanlıqlarla məşq etmək də öz rolunu oynayır.
İdman travmaları öz lokalizasiyasına görə, zədələnmə
tipinə görə, idmanın növünə görə, ağırlığına görə fərqlənirlər.
Travmalar zamanı vaxtında göstərilən ilkin yardım
zədənin təsirini minimuma endirir. İlkin olaraq daha çox travmanın qarşısını
almaq üçün hərəkətsizliyi (immobilizasiyasını) təmin etmək lazımdır. Daha sonra
ağrıkəsicilərin köməyi ilə ağrının qarşısını almaq, qanaxmanı dayandırmaq, buz qoymaq, dəriyə
steril sarğı qoymaq və idmançını ən tez vaxtda xəstəxanaya çatdırmaq lazımdır.
Qeyd etmək lazımdır ki, simptomlarla müşayət olunmayan zədələnmələr ilkin
göründüyü kimi elə də asan deyil. Hətta şikayətlər olmamağına baxmayaraq, cərrahi
əməliyyat tələb edən hallar ola bilər. Çıxıqları sərbəst olaraq yerinə qoymaq,
sınıqlar zamanı qırılmış sümük hissəciklərin yerinə yerləşdirilməsi və s. qətiyyən
yol verilməzdir.
Bəzən evdə edilən özünü müalicə xoşagəlməz nəticələrə
səbəb ola bilər: zədələnmiş əzanın daimi disfunksiyası və ya kəskin prosesin
xroniki prosesə keçməsi kimi.
Xəstəyə qulluq travmanın xarakterini, zədələnmənin
ağırlıq dərəcəsini müəyyən etmək üçün diaqnozla başlayır. Həkim lazım olduqda,
MRT, KT, rentgen, ultrasəs, ensefaloqrafiya və digər tədqiqatları da təyin edir.
İdman travmaları adətən 2 üsulla: konservativ
və cərrahi üsulla müalicə olunur. Cərrahi yolla müalicə zədələnmiş bədən hissəsinin
tamlığının bərpasına yönəlir. Konservativ müalicəyə isə müxtəlif dərman vasitələrinin:
mazlar, kremlər, plastırlar, inyeksiya preparatlarının daxili və xarici istifadəsi
aiddir. Müxtəlif fizioterapevtik prosedurlar – parafinoterapiya, elektroforez, əzələlərin
elektrostimulyasiyası istifadə olunur.