Müasir dövrdə şəkərin faydalı və ya ziyanlı məhsul
olması barədə müxtəlif ziddiyyətli fikirlər mövcuddur. Şəkəri “ağ ölüm”, “21-ci
əsrin bəlası” və digər adlarla adlandırırlar. Lakin bunlar heç də həqiqətə
uyğun deyil. Hər hansı bir məhsul haqqında qəti şəkildə pis və ya yaxşı demək
olmaz. Şəkərin hədsiz tükətilməsi ziyan olduğu kimi, onu ümumiyyətlə rasiondan
çıxartmaq da orqanizmə ziyan verə bilər.
Şəkər təmiz halda sadə karbohidratdır. Onun tərkibində
orqanizmə lazım olan heç bir vitamin, mineral yoxdur. Lakin yaddan çıxartmaq
lazım deyil ki, orqanizmi enerji ilə təmin edən məhz bu məhsuldur. Şəkər bədənə
daxil olandan sonra fruktoza və qlükozaya parçalanır. Fruktoza bədəndə tez bir
zamanda piyə transformasiya olunur. Qlükozanı isə insulin hormonu hər bir
hüceyrəyə çatdırır. Nəticədə orqanizm özünə lazım olan enerjini alır. Əgər
insan çoxlu miqdarda şəkər qəbul edirsə, bu zaman qlükoza qlikogen şəklində
qaraciyərdə və əzələlələrdə toplanmağa başlayır. Bu depo da dolandan sonra isə piyə
transformasiya olunur. Ona görə də şəkər sevən insanlarda müəyyən müddətdən
sonra piylənmə, şəkərli diabet kimi xəstəliklər yarana bilər. Şəkər çox qəbul
etmək mədəaltı vəzin xəstələnməsinə, damarların tutulmasına, diş emalının zədələnməsinə,
kariesin əmələ gəlməsinə, ürək əzələsinin distrofiyasına gətirib çıxara bilər.
Son araşdırmalara görə şəkəri birdəfəlik
rasiondan çıxarmaq orqanizmə fayda deyil, əksinə zərər edə bilər (istisna həkim
tərəfindən hazırlanmış dieta saxlayan insanlardır). Bəs şəkərin orqanizmə
faydaları nədən ibarətdir?
Şəkər qaraciyərin baryer funksiyasını
yaxşılaşdırır və bəzi zərərli maddələri zərərsizləşdirir. Şəkərin qəbulundan sonra serotonin hormonunun sintezi
artır. Serotonin artdığına görə də insanın əhval ruhiiyyəsi yaxşılaşır. Həmçinin
bu hormon stressin zərərli təsirlərindən qoruyur.
Bundan başqa şəkər beyin üçün də çox
faydalıdır. O baş beynin və onurğa beyninin qidalanmasını təmin edir. Şəkəri
birdəfəlik rasiondan çıxartmaq gələcəkdə sklerotik dəyişikliklərin əmələ gəlməsinə
səbəb ola bilər. Qlükoza demək olar ki orqanizmdə baş verən bütün maddələr
mübadiləsində iştirak edir. Şəkərsiz metabolizm çətinləşir. İnsanda yuxululuq, əzginlik,
halsızlıq və s. müşahidə olunur.
Ona görə də gündəlik normanı keçməmək şərti ilə
şəkər qəbul etmək zəruridir. Yaddan çıxartmamaq lazımdır ki, bir çox ərzaqların
hazırlanmasında şəkərdən istifadə olunur. İçdiyimiz qazlı içkilərin, bir çox
meyvələrin də tərkibində gizli şəkər var. Ona görə də orqanizmimizin qayğısına
qalarkən şəkər qəbulundakı balansa diqqət yetirmək lazımdır.