Ağızdan gələn xoşagəlməz qoxu və ya qalitoz
çox geniş yayılmış xəstəlikdir. Əslində qalitoz bir xəstəlik yox simptomdur. Adətən
onu bildirir ki, orqanizmdə heç də hər şey yolunda getmir, daxili orqanlarda hər
hansı patologiya və ya xəstəlik var. Bəzən bu fizioloji səbəblərdən ola bilər.
İnsan güclü qoxusu olan qidaları qəbul etdikdə,
alkohol, siqaret kimi məhsullar və s. istifadə etdikdə bu maddələr həzm
sistemindən qana, sonra ağciyərlərə keçir və verilən hava ilə birgə xaric olur.
Qalitoz bəzən müəyyən preparatların qəbulundan sonra, protezlər taxanlarda və
aclıq edənlərdə də yarana bilər. Bu zaman qoxunu provokasiya edən faktı aradan
qaldırdıqda qoxu da aradan qalxır.
Lakin ən çox yayılmış səbəb ağız boşluğunda
müxtəlif xəstəliklərin və patalogiyaların olmasıdır. Bura ağız boşluğunun
qeyri-düzgün gigiyenası, ağzı açıq şəkildə yatmaq, stomatoloji xəstəliklər (gingivit,
karies, parodontit), kandidoz, hədsiz ağız quruluğu, diş protezlərindən istifadə
aiddir.
İnsan özü adətən bu qoxunu hiss etmir. Çünki
burunda ağızdan gələn qoxular filtrə uğrayırlar.
Qalitozun əsəs səbəbi anaerob bakteriyaların fəaliyyətidir.
Bu bakteriyalar ağız boşluğunda yerləşirlər və uçucu kükürd birləşmələri xaric
edirlər. Məhz bu birləşmələr də qoxu verir. Bu birləşmələrin aktiv
çoxalmaqlarına dişlər arasında, karioz boşluqlarda, damağın altındakı ciblərdə
qalan təmizlənməmiş qida qalıqları, həmçinin dişlərdə və dilin kökündə olan ağ ərp
də qoşulur. Bildiyimiz kimi ağız suyu
ağız boşluğunun təbii təmizləyicisidir. Ağız boşluğunun quruluğu
sindromu zamanı, yəni lazımi dərəcədə istehsal olunmadıqda bakteriyaların
inkişafı üçün əlverişli mühit yaranır.
Çox nadir hallarda qoxular daxili orqanlarda
olan patologiyalarla əlaqədar olur: həzmetmənin pozulması, öd durğunluğu,
qaraciyərin normal işləməməsi, onkologiya, tənəffüs yollarının xəstəlikləri və
s.
Bəs bundan necə qurtulmaq olar?
İlk növbədə əmələgəlmə səbəbini müəyyənləşdirmək lazımdır. Əgər problem ağız
boşluğundadırsa, stomatoloqa müraciət edib səbəbi aradan qaldırmaq lazımdır.
Müntəzəm olaraq professional təmizləməyə getmək lazımdır. Ev şəraitində dişləri,
dili, dişarasını düzgün təmizləmək lazımdır. Əgər dişlər, ağız boşluğu qaydasındadırsa,
lakin qoxu itməyibsə, bu zaman artıq daxili orqanlardakı problemləri aradan
qaldırmaq üçün terapevtə və ya qastroenteroloqa müraciət etmək lazımdır.