Yumurtalıqların kistası içi maye (seroz maye,
qan, irin və s.) və ya sərt toxumalarla dolu boşluqdur. Bədənin müxtəlif yerlərində kistalar əmələ gələ
bilər. Adətən yumurtalıqlarda yerləşir. Yumurtalıqlardakı kistaların müxtəlif
növləri var:
Follikulyar
kista. Bu ovulyasiya zamanı partlamayan follikuldur. Belə
follikul böyüməyə davam edir və içərisi maye ilə dolu boşluq əmələ gətirir. Adətən
belə kista 5 sm-i keçmir və özü sorulub gedir. Bəzən isə 5-8 sm-i keçir. Bu
zaman belə follikulun partlama riski artır.
Lütein
kistası. Kistanın bu növü sarı cisimdən əmələ gəlir. Adətən
sarı cisim menstruasiya başlayana qədər itir, əgər itmirsə, daxilində sarı maye
olan, 8 sm ölçülü kistaya çevrilir. Belə birləşmələr adətən öz-özünə keçib
gedir.
Hemorragik
kista. Bəzən follikulyar və ya lütein kistasında qanaxma
baş verir və içi qanla dolur, nəticədə hemorragik kistaya çevrilir.
Belə kistalar funksional olaraq təsnif edilirlər.
Hormonal pozğunluqlar baş verərkən yaranırlar və menstruasiya bitdikdən sonra
geri sorulurlar.
Həqiqi kistalar isə mütləq müalicə tələb edirlər.
Çünki müalicə olunmazsa, orqanizmdə ciddi fəsadlar baş verə bilər. Həqiqi
kistalara endometrioid kista, dermoid kista və seroz kista aiddir. Endometrioid kista zamanı həftədən
artıq davam edən ağrılı, qeyri-requlyar menstruasiya, qarnın aşağı hissəsində
ağrı, əzginlik, yorğunluq halı, cinsi əlaqə zamanı ağrı, menstruasiyalar arası
kiçik qanaxmalar baş verə bilər.
Dermoid və seroz
kistalar kiçik olarkən çox bilinmirlər. Böyüməyə başladıqda isə qarnın
aşağı hissəsində ağrı, ağırlıq hissi yaranır, qarın böyüməyə başlayır və kista
olan yerdə şişkinlik hiss olunur. Kistanın bağırsaqları sıxması nəticəsində qəbizlik
də yarana bilər.
Kistaların belə müxtəlif olmaları onları
müalicə edərkən nəzərə alınır. Hər bir kistanın növündən, böyüklüyündən, hansı
dəyişikliklərin baş verməsindən asılı olaraq həkim uyğun müalicə təyin edir. Əgər
kista çox kiçikdirsə, adətən həkim ona toxunmur. Böyüməyə başlayırsa, o zamanı
müalicə təyin edir. Müalicə də heç bir effekti verməzsə, operativ müdaxilə
olunur. Ona görə də vaxtında müayinələrin aparılması, requlyar olaraq həkim nəzarətində
olmaq orqanizmdəki ciddi fəsadların qarşısını alır.