İnfluenza, həmçinin qrip də adlandırılır, tənəffüs
yollarının kəskin respirator infeksiyasıdır. Bu qrip virusları tərəfindən törədilən
həyat üçün ağır, hətta təhlükəli xəstəlikdir. Bəzən digər kəskin respirator xəstəlikləri
də qrip adlandırırlar. Lakin bu düzgün deyil, çünki digər patogenlər tərəfindən
törədilirlər. Qrip virusları çox tez mutasiyaya uğradıqları üçün , həyatı
boyunca insan dəfələrlə bu virusa yoluxa bilər. Ona görə də demək olar ki,
influenzaya qarşı vaksin hər il dəyişir.
Qrip çox yoluxucu xəstəlikdir. Xarici mühitdə
danışıq , asqırma, öskürmə zamanı hava damcı yolu ilə seliyin kiçik damcıları şəklində
yayılır. Virus əşyalara toxunma nəticəsində də orqanizmə selikli qişalardan
daxil ola bilər.
İnfluenza virusu birdən-birə temperaturun
qalxması ilə başlaya bilər, daha sonra başağrı, əzələlərdə, oynaqlarda süstəlmə,
burun axması, quru öskürək , boğazda ağrı və s. kimi simptomlarla davam edir.
Əgər ağırlaşma olmazsa, adətən 5-7 günə xəstəlik qurtarır, lakin öskürək davam
edə bilər.
Ağırlaşmalar zamanı ağciyərlərin iltihabı yarana
bilər. Uşaqlarda orta qulağın iltihabı inkişaf edə bilər. Bu xəstəliyin
ağırlaşmalarının siyahısında nadir hallarda da olsa, ürək əzələsinin, baş
beynin iltihabına rast gəlinir. Yoluxmadan bir-iki gün sonra artıq simptomlar
özünü göstərməyə başlayır. Yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəliklərdən
əziyyət çəkən insanlarda bu virusun daha ağır keçəcəyi riksi böyük olur. Ona
görə yoluxmanın qarşısını almaq üçün qarşılıqlı əlaqələrdən mümkün qədər çəkinmək
lazımdır.
İnfluenzaya qarşı ən yaxşı qorunma vaksindir.
Ona görə də ÜST risk qruplarına bu vaksini hər il vurmağı tövsiyyə edir. Risk
qrupuna kimlər aiddir:
Yaşı 60-dan yuxarı olanlar;
Hamilələr. Hamiləliyin 4-cü ayında vurulur, əgər
anada xroniki xəstəlik varsa, o zaman hamiləliyin ilk aylarında artıq
vurulmalıdır:
Uşaqlar, yeniyetmələr, xroniki ürək, ağciyər xəstəlikləri
olanlar, böyrək çatmamazlığı, diabet və maddələr mübadiləsinin pozulması ilə nəticələnən
xəstəliklər, xroniki nevroloji xəstəliklərdən əziyyət çəkənlər;
Qocalar evində yaşayanlar;
Yoluxma və digər insanların yoluxma riski çox
olan yerlərdə işləyən insanlar, məsələn tibbi personal və s.;
Virusun kəskin dövründə evdə qalmaq və
gigiyenaya əməl etmək lazımdır. Antibiotiklərin qəbulu qrip virusu zamanı
faydasızdır. Yalnız ikincili infeksiyalar zamanı həkimin tövsiyyəsi ilə bu
preparatlara müraciət edilir.