Müasir dövrdə insanlar sağlam həyat tərzi,
düzgün qidalanma, sağlamlaşdırıcı idmanın faydası haqqında çox düşünürlər.
Müasir idman avadanlıqlarının modellərinin bolluğu sport həyat tərzi
infrastrukturunu çox cəlbedici edir. Nəticədə də idmana marağın artmasına şərait
yaradır. Sağlam həyat tərzi və idman bir biri ilə möhkəm bağlarla bağlıdır.
İdmanın insan xarakterinin formalaşmasında da rolu böyükdür. Bəs idman insan
sağlamlığına nə kimi müsbət təsir göstərir:
İdmanla məşğul olmaq insanda metabolizmi sürətləndirir
və yağ hüceyrələrinin “yanmasına” səbəb olur;
İmmunitet güclənir, virus infeksiyalarına
qarşı orqanizmdə müdafiə yaranır;
İdmanla məşğul olmaq sağlam həyat tərzində
yaşamağa həvəsləndirir, alkoholdan, siqaretdən istifadəni minimuma endirir;
Daimi olaraq idmanla məşğul olmaq orqanizmin əzələ
karkasının möhkəmlənməsinə səbəb olur;
İdman düzgün qamətin formalaşmasına, ümumiyyətlə
bütün bədən quruluşuna müsbət təsir göstərir. Əsasən də onurğanın sağlamlığı həmişə
diqqət önündə olmalıdır. Dayaq-hərəkət aparatının bu nahiyəsinin funksional vəziyyəti
(elastiklik və hərəkətlilik) orqanizmin cavanlığının əsas göstəricisidir;
Müasir həyat ritmi, ekoloji faktorlar, stress
faktorunun yüksək olması, daimi olaraq ətraf mühitdə aqressiv mikroorqanizmlərin
mövcudluğu yalnız insan sağlamlığının zəifləməsinə deyil, həmçinin onun
emosional sarsıntılarının da yaranmasına səbəb olur. Ona görə insan harmonik
inkişaf etməyə çalışmalıdır. Orqanizmin fiziki sağlamlığının qeydinə qalmaqla
yanaşı, ruhun da sağlamlığına fikir vermək lazımdır. Özündə intellekt, iradə,
estetika kimi keyfiyyətləri inkişaf etdirmək ruh sağlamlığının da güclənməsinə
səbəb olur. Fiziki məşğələlər enerji səviyyələrinin yüksəlməsinə, endorfin səviyyəsinin
artmasına, depressiya simptomlarının zəifləməsinə gətirib çıxarır. Britaniya səhiyyəsinin
2010-cu ildəki araşdırmalarına görə idmanla hər gün məşğul olanlar məşğul
olmayanlara nisbətən depressiyaya 30% daha az tutulurlar.
İdman insanda özgüvənin də artmasına səbəb
olur. Texnologiya inkişaf etdikcə, kompyuterlərin, smartfonların insanın gündəlik
həyatında rolu artdıqca insanın gündəlik həyatında olan aktivliyi azalır.
İnsanlar getdikcə daha az canlı danışmağa, görüşməyə , birlikdə gəzintiyə
çıxmağa başlayırlar. Nəticədə insan nəinki fiziki sağlamlığına zərər vurur, həmçinin
emosional davamlılığın əmələ gəlməsinə , immunitetin güclənməsinə mane olur. Emosiyalar
ürək və tənəffüs ritminə, bədən temperaturuna təsir edir, hormonların sintez
olunmasına, arterial təzyiq, əzələ və beyin aktivliklərinin dəyişməsinə səbəb
olur. Sport orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır, qanda stress hormonunun-kortizolun
səviyyəsini azaldır, xoşbəxtlik hormonlarının-endorfinlərin sintezini stimulə
edir, bununla da mənfi emosiyaların həyatımızı idarə etməsinə mane olur.
Lakin birdən-birə ağır fiziki hərəkətlər
orqanizmə ciddi ziyan vura bilər. Ona görə də gündəlik yüngül hərəkətlərlə
başlayıb sonra yükü artırmaq olar, məs: gündəlik gəzintilər və s. Təbiət
qoynunda idmanla məşğul olmaq enerjinin artmasına səbəb olur və bütün hisslərin
itiləşməsinə səbəb olur.