Bitki yağlarının insan orqanizminə müsbət təsiri hər kəsə məlumdur. Həm daxilə qəbul etdikdə, həm də xaricə istifadədə yağların orqanizmə faydası haqqında müxtəlif araşdırmalar aparılmışdır.
Soyuq sıxılma ilə alınmış rafinə olunmamış yağların tərkibi vitaminlərlə və digər faydalı birləşmələrlə zəngin olur. Ona görə belə yağların təsiri daha yaxşı olur. Bu üsulla alınmış yağların yalnız 45%-i əldə olunur. Ona görə də digərlərinə nisbətən bahalı olur. Rafinə olunmuş yağlar isə ekstraktsiya üsulu ilə alınır və 98%-a qədər tərkibindəki yağı almaq mümkün olur. Lakin daxilə qəbul etmək üçün elə də xeyirli deyil, çünki tərkibindəki faydalı birləşmələri təmizləmə zamanı itirir. Bu şəkildə alınmış yağ xaricə istifadə olunanda müvəqqəti olaraq kobud dərini yumşaldır. Əgər qutunun üzərində Extra Virgin yazılırsa, deməli rafinə olunmamış yüksək keyfiyyətli yağdır. Belə yağı almaq üçün yüksək keyfiyyətli meyvələrdən istifadə olunur. Virgin yazılırsa, bu da keyfiyyətli yağdır, lakin almaq üçün orta keyfiyyətli meyvələrdən istifadə olunur.
Bitki yağlarından daxilə qəbul üçün istifadə etdikdə onun alınma üsulu haqqında bilmək olduqca vacibdir. Lakin kosmetik yağlardan dəriyə vurmaq üçün istifadə etdikdə belə bir dəqiqliyə ehtiyac qalmır.
Bitki yağlarının dəridəki fizioloji proseslərə müsbət təsiri onların daha rahat dəriyə hopması ilə xarakterizə edilir. Bundan başqa lokal təsir göstərir, heç bir sistem effektləri yaratmırlar.
Kosmetik yağlar dəriyə cəlbedici parıltı verir, onu yumşaldır, qidalandırır. Yağların dəriyə təsiri yalnız bununla yekunlaşmır. Dəridəki nəm balansını bərpa etdiyi üçün yağlar hətta çox quru dərini belə nəmləndirir, günəş vannasından sonra onu bərpa edir və dərinin qoruyucu funksiyasını gücləndirir.
Müxtəlif ölkələrdə körpə dərisinə qulluğun rutin praktikasında da zeytun, günəbaxan və s. bitki yağlarından istifadə edilir. Belə yağların dəriyə yumşaldıcı xüsusiyyəti dərini rahatlaşdırır, komfort effekti verir.