Oynaqlarda yaranan hər hansı bir problem insanın bütün yaradıcılığına təsir edir. Hərəkətlə əlaqəli yaranan çətinliklər, gündəlik rutin işlərin yerinə yetirilməsi ilə bağlı problemlər insan həyatını zorlaşdırır. Getdikcə yaş artdıqca oynaqlar öz hərəkətliliyini itirir, ağrı və sürtünmə başlayır. Ona görə də oynaqların sağlamlığı ilə onlar öz funksiyalarını itirməmiş məşğul olmaq lazımdır.
Bəs oynaqları nə məhv edir? Buna müxtəlif səbəblər göstərmək olar:
Ağırlıq qaldırma. Bu zaman güc daha çox diz oynaqlarına düşür, nəticədə pilləkənlərlə qalxarkən, oturarkən dizlərdə ağrılar başlayır. Bəzən ağır yük daşıyarkən bir əldən istifadə etmə yalnız həmin nahiyəyə deyil, bədənin digər oynaqlarına da mənfi təsir edir. Ona görə yükü qaldırarkən düzgün qruplaşdırmaq lazımdır ki, oynaqlara eyni dərəcədə ağırlıq düşsun. Əyilib yükü birbaşa qaldırmaq yerinə oturulu vəziyyət alıb yükü götürüb sonra qalxmaq lazımdır.
Artıq çəki. Hamıya məlumdur ki, artıq çəkidən əziyyət çəkən insanların oynaqlarına daha çox güc düşür və nəticədə oynaqlar daha tez “yeyilir”. Mümkün qədər artıq çəkidən azad olmaq lazımdır. Bununla nəinki oynaqların ömrünü uzatmış oluruq, həmçinin hipertoniya, şəkərli diabet, piylənmə, ateroskleroz və s. kimi xəstəliklərin də qarşısını almış oluruq.
Qaçış ilə məşğul olma. Qaçışın xeyirli və ya ziyanlı olmasın haqqında fikirlər həmişə iki yerə bölünüb. Bəzi araşdırmalar onun xeyrindən danışarkən, bəzən oynaqlara olan mənfi təsirini də nəzərə almaq lazımdır. Ona görə də idmanın bu növü ilə məşğul olarkən həkimlə məsləhətləşmək daha məqsədəuyğundur. Qaçış yerinə gündəlik gəzinti və ya üzgüçülük ilə məşğul olmaq oynaqları yük altında saxlamayacaqdır. Gündəlik düzgün fiziki aktivliyin seçilməsi bütün orqanizmi balanda saxlayacaqdır.
Düzgün qidalanmama. Tərəvəzlərdən, meyvədən az istifadə, orqanizmə heç bir xeyri olmayan qidalardan hədsiz qəbul etmək oynaqlar üçün vacib maddələrin defisitinə gətirib çıxarır. Nəticədə insanlar bunu yaşlanarkən hərəkət çətinliyində görürlər.
Bu zaman artıq həkimlər xondroprotektorlardan istifadəni məsləhət görürlər. Bu preparatlar oynaqların hərəkətliliyini artırır, ağrı hissini azaldır və s. Lakin belə preparatlar haqqında hələ də yekdil nəticəyə gəlinməyib.
Bəzən hərəkətliliyi cərrahi müdaxilə olmadan artırmaq mümkün olmur. Bu zaman hərəkətliliyi artırmaq, uzun illər davam edən ağrı hissini yüngülləşdirmək məqsədi ilə protez oynaqlardan istifadə edilir.