Qış mövsümünün başlaması ilə əlaqədar olaraq “idmana ara vermək lazımdır, fiziki aktivliyi azaltmaq lazımdır” kimi miflər meydana çıxır. Lakin havaların soyuması heç də fiziki aktivliyi azaltmaq üçün səbəb deyildir. Bu mövsümdə də məhz qışa xas idman növləri ilə məşğul olmaq olar. Bununla həm immunitetinizi yüksəltmiş olursunuz, həm də mövcud olan fiziki aktivlik rejiminin dissiplinini pozmursunuz. Hətta araşdırmalar göstərir ki, il ərzində davam edilən fiziki aktivlik rutinləri psixi sağlamlığı da qoruyur.
Lakin mütəxəsislərin bir sıra tövsiyyələri var:
Belə ki idmanla ilk dəfə məşğul olanlara qışdan deyil, bunu bir qədər əvvəl payız və ya yay mövsümündən başlamağı məsləhət görürlər. Çünki vərdiş olmayan orqanizm üçün temperatur aşağı olan havada aktivlik bir sıra xəstəliklərə gətirib çıxara bilər.
İdmana başlamamışdan əvvəl isinmə hərəkətləri etmək lazımdır. Bütün əzələ qruplarının, oynaqların 10-15 dəq isinməsi vacibdir.
Açıq havada aşağı temperaturlu ərazidə, parklarda idmanla məşğul olarkən adətən qaçışa üstünlük verilir. Bu zaman bədənə olan yüklənməni hissə-hissə artırmaq lazımdır. Açıq havada daha yüksək intensivlikli idmanla məşğul olmaq məsləhət görülmür. Çünki bu zaman daha dərindən nəfəs almaq lazım olur, bu isə yuxarı və aşağı tənəffüs yollarının soyuqlamasına gətirib çıxara bilər.
Aşağı temperaturda enerji sərfiyyatı çox olduğuna görə piylərin yanması baş verir. Bu zaman piyləri enerjiyə çevirən hüceyrələrin aktivləşməsi müşahidə olunur. Buna görə də qışda idmanla məşğul olmaq artıq çəkili insanlara faydalı hesab edilir.
Xroniki oynaq problemləri olan insanların soyuq havalarda idmanla məşğul olması bu xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Ona görə temperaturun çox düşməsi zamanı belə insanlara fiziki aktivliyə ara vermək məsləhət görülür.
Qaçışdan əlavə bir sıra qış idman növləri vardır ki, sağlamlığını sevənlər bunlarla məşğul olurlar. Snoubord, xizəklər, konki sürmə, tyubinq və s. bir çox insanın sevdiyi əyləncəli fiziki aktivliklərdəndir.
Qışda idmanla məşğul olarkən digər mövsümlərdə istifadə edilən geyimlərdən istifadə etmək təhlükəli ola bilər. Travmaların olmaması üçün ilk növbədə istiliyi qoruyan, sürüşmə yaratmayacaq geyimlərdən istifadə etmək lazımdır. Bəzən havadakı temperaturdan, yağıntıdan asılı olaraq, bir neçə növ ayaq geyimlərindən istifadə etmək lazım gəlir.