Həkim xəstəyə müalicə yazarkən dərmanın gözlənilən nəticə göstərəcəyini və yan təsirlərinin olma ehtimalını nəzərə alır. Dərmanların qəbulu yalnız həkim tərəfindən qeyd olunmalıdır, hər hansı başqa mənbələrdən alınan məlumatlar çox vaxt səhv çıxa bilir. Çünki yalnız həkim sizin xəstəliyiniz haqqında hərtərəfli məlumata sahib olur. Hər bir insanın qəbul etdiyi dərman vasitəsi haqqında müəyyən məlumatları bilməsi lazımdır. Bu məlumatların öz həkimindən soruşa bilər:
Dərmanın adı ;
Nə üçün qəbul edildiyi ;
Necə qəbul edildiyi ;
Qəbul etdiyi dərmanın yan təsirləri ;
Dərmanın qəbulu ilə bağlı problem yarananda nə etmək olar ;
Dərmanın növbəti qəbulu unudulubsa, nə etmək olar ;
Bundan başqa hər bir xəstə həkimə qəbul etdiyi qida əlavələri, reseptsiz verilən dərman preparatları, bitki tərkibli dərman vasitələri və s. haqqında məlumat verməlidir. Çünki bu preparatların qaydasız qəbulu əsas dərman preparatının təsirini azalda bilər. Sizdə hər hansı tərkibə qarşı allergik reaksiya varsa və ya orqanizm digər arzuolunmaz reaksiya verirsə, bundan müalicə edən həkimin xəbəri olmalıdır. Bəzən həkimin yazdığı dərmanı qəbul edəndən sonra orqanizmdə xoşagəlməz reaksiyalar baş verə bilər, bu zaman eyni effekti göstərən başqa tərkibli preparat seçilir.
Bəzən həkim gündə “2 dəfə və ya 3 dəfə dərmanı qəbul etmək lazımdır” yazır reseptdə. Bu o deməkdir ki, hər 12 saatdan və ya hər 8 saatdan bir dərmanı qəbul etmək lazımdır. Bundan başqa dərmanların qidadan əvvəl və ya qida zamanı, qidadan sonra qəbul olunmasına da diqqət yetirmək lazımdır. Ağız boşluğunda həll olunurmu, yoxsa daxilə qəbul olunmalıdırmı bu da çox vaxt qarışıq salınan məsələlərdəndir. Dərmanların qəbulu süd, alkohol, qazlı su və s. ilə deyil yalnız adi su ilə olmalıdır, çünki bu dərmanların sorulmasına təsir göstərir.
Dərman qəbulunu sonlandırarkən də həkimlə məsləhətləşmək lazımdır. Bəzən xəstələr vəziyyətlərində yüngülləşmə hiss edən kimi müalicəni yarımçıq kəsirlər. Bu zaman bəzi dərmanların qəbulunun birdən-birə kəsilməsi əks effekt göstərə bilir və ya müalicə sonlanmır kəskin formadan xroniki formaya keçir.