Endokrin sistem müxtəlif orqanların funksiyalarını hormonlar vasitəsilə requlə edir. Hormonlar endokrin vəzilərin tərkibində yerləşən xüsusi hüceyrələrdən qana buraxılan kimyəvi birləşmələrdir. Qanda olarkən hormonlar ya reseptor olan, ya da digər endokrin vəzin hədəf toxumalarına təsir göstərirlər. Endokrin vəzilərdə və yaxud da onların hədəf toxumalarında yaranan hər hansı pozğunluq endokrin sistemin funksiyasının pozulmasına gətirib çıxarır.
Bizim “xoşbəxtlik” kimi adlandırdığımız hiss əslində beyində 4 neyrokimyəvi maddələrin: dofamin, serotonin, endorfin, oksitosin hormonlarının var olması ilə əlaqədardır. Beyin baş verən hadisənin bizim həyatımız üçün pozitiv olduğunu identifikasiya etdikdə bu “xoşbəxtlik hormonları” aktiv sintez olunmağa başlayır. Bu neyrokimyəvi birləşmələrin hər biri insanda spesifik müsbət hisslər yaradır:
Serotonin sosial əhəmiyyətlilik hissi yaradır, insana həyatı daha parlaq, daha maraqlı yaşadığı hissi verir, stresə qarşı davamlılığı artırır. Həzz zamanı onun səviyyəsi qalxır, depressiya zamanı isə aşağı düşür.
Dofamin müxtəlif xoşagələn hadisələr zamanı, müsbət emosiyalar yaranarkən sintez olunur. Bu hormon hər hansı bir məqsədə çatmaq üçün insanı motivasiya etməyə qadirdir. O yalnız sinir sisteminin deyil, digər periferik orqanların da işini requlə edir. Bəzən dofamini orqanizmdə daha çox saxlamaq üçün insanlar narkotik və ya alkohol kimi zərərli üsullara əl atırlar. Bu hormonun konsentrasiyasını orqanizmdə çox saxlamaq üçün C və E vitaminləri istifadə etmək lazımdır. Bu vitaminlər də yaşıl tərəvəzlərin, kökün, sitrus meyvələrinin tərkibində olur.
Endorfin hormonunun əsas funksiyalarından biri orqanizmdə stresə qarşı yaranan ağrı hissini azaltmaqdır. Bu hormonun qanda çatışmazlığı insanda daimi emosional yorğunluq, məyusluq yaradır. Əksinə sintez olunduqda eyforiya hissi, xoş əhval-ruhiyyə yaradır.
Oksitosin yalnız qadın orqanizmində deyil, kişi orqanizmində də sintez olunur, orqanizmdə baş verən həm fizioloji proseslərə, həm də psixoloji vəziyyətə təsir edir. Araşdırmalara görə oksitosin toxunma, təmas zamanı, güvənmək hissi yaranarkən sintez olunur. Bu hormon emosional bağlanmanı, şəxslər arası əlaqəni, emosional yaddaşı gücləndirir, qorxu, narahatlıq və narkotik asılılığı aradan qaldıra bilir.
Xoşbəxtlik hormonlarının istehsalını artırmaq üçün müxtəlif üsullar mövcuddur. Bura müxtəlif qidaların qəbulu, fiziki aktivlik, xoş musiqi dinləmək, yuxu rejiminin stabil olması, sevdiyin insanlarla birlikdə vaxt keçirmək, müxtəlif bədən rahatlaşdırıcı prosedurlar, gülmək və s. aiddir. Hər insan üçün bu ehtiyaclar müxtəlif ola bilər.
Öz emosiyalarını yaşamağı bacarmaq son dərəcə vacibdir. İnsanın həyat yolunda xoşbəxtlik vəziyyətində irəliləməyi onun həyatında baş verən dəyişikliklərlə , ən əsası pozitiv düşüncələrin formalaşması ilə əlaqədardır. Belə şəxsiyyət metamorfozu üçün öz emosiyalarını başa düşmək, differensasiya etmək və onların mənbəyini – şəxsi ehtiyaclarını dərk etmək hədsiz dərəcədə vacibdir.
Kaliforniya Universitetinin professoru L.Q.Boyninq bu sahədə araşdırmalar aparmışdır: “Sərbəst şəkildə öz ehtiyaclarını təmin etmək bəzən ağır ola bilər. Lakin asılı vəziyyətdə olarkən- öz ehtiyaclarının başqaları tərəfindən ödənilməsini gözlərkən bu hormonlar istehsal olunmur. Onlar yalnız siz ehtiyaclarınızı ödəyərkən sintez olunurlar”.