Süd vəzisi xərçəngi – qadınlar arasında süd vəzilərinin
çox geniş yayılmış xəstəliyidir və xərçəng xəstəlikləri içərisində ən çox
narahatçılıq doğuranıdır. Çünki hər il 25000-dən çox diaqnoz qoyulur və 15000-dən
çox qadın bu xəstəlikdən vəfat edir. Bu göstərici xərçəngin digər növləri ilə
müqayisədə çox yüksəkdir. Adətən ölüm faktları 35 – 54 yaş arasına təsadüf
edir.
Süd vəzisi xərçənginin yaranma səbəbi genetik
ola bilər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, anasında və ya bacısında
bu xəstəlik olan qadınlarda xəstələnmək ehtimalı çoxdur. Əgər bu klimaks
dövründən əvvəl baş veribsə və hər iki vəzin xəstələnməsilə nəticələnibsə, risk
daha da artır. Adətən yaş artdıqca xəstəliyin əmələ gəlmə ehtimalı artır. 20
yaşdan kiçik qadınlarda çox nadir rast gəlinə bilir. Hormonal faktorların, əsasən
estrogen hormonunun xəstəliyin geniş yayılmasına təsiri böyükdür. Süd vəzisi xərçəngi
hüceyrələrində estrogen reseptoru adlanan zülal var. Göründüyü kimi estrogen bu
reseptorlarla əlaqəyə girib hüceyrəyə daxil olur və onun böyüməsini təmin edir.
Əgər qadında əvvəllər xoşxassəli süd xəzisi xəstəliyi (mastit, xoşxassəli şiş və
ya kistalar) olubsa, bunun bədxassəliyə keçmə ehtimalı böyükdür.
Çox vaxt xəstəliyin ilk əlamətlərini qadınlar
özləri hiss edirlər. Ona görə də hər bir qadın məhz bu orqanda gedən dəyişiklikləri
müəyyən edə bilməlidir. Adətən kiçik şişkinlik təhlükəli olmur, ancaq belə bir
dəyişikliyi hiss edən kimi həkimə müraciət etmək lazımdır. Çünki müalicə
olunmazsa, daha təhlükəli vəziyyətə keçə bilər. Hansı simptomlara diqqət yetirmək
vacibdir:
Süd vəzisində şişkinlik;
Süd vəzisinin formasının dəyişməsi;
Bu nahiyədə başlayan qabıqlanma;
Süd vəzisində axıntının yaranması;
Çiyin və ya qolaltı nahiyəsində görünən
şişkinliyin əmələ gəlməsi;
Süd vəzisində olan ağrı və diskomfort hissi;
Bu xəstəlik qarşısında çox qadının qorxusu
yalnız risk və ölüm statistikasına görə deyil, həmçinin bu xəstəlik qadın üçün
çox vacib orqanlardan birinin sinə nahiyəsinin demək olar ki, əksər hallarda cərrahi
əməliyyatlara məruz qalmasıdır. Buna görə də son dövrlərdə süd vəzisi xərçəngindən
əziyyət çəkən qadınlara dəstək olmaq üçün müxtəlif təşkilatlar yaradılmışdır.
Bu təşkilatlar belə xəstələrə mənəvi dəstək olmaqla köməklik göstərirlər.