Doğum travması dedikdə doğuş zamanı
yenidoğulmuşların orqan və toxumalarının zədələnməsi başa düşülür. Doğum
travması zədələnmiş orqanların funksiyalarının pozulmasına gətirib çıxara bilər.
Doğum travmalarının səbəbləri müxtəlif ola bilər: uşağın düzgün vəziyyət
almaması, ananın çanağının kiçik olması və uşağın çəkisinin çox olması, xroniki
bətndaxili hipoksiya, vaxtından əvvəl doğum və ya vaxtından keçmiş doğum, çox
tez sürən doğum və ya çox uzun sürən doğum. Bəzən doğum prosesində mamalıq səhvləri
də travmaya gətirib çıxara bilir. Doğum travmaları orqanların zədələnməsindən
asılı olaraq müxtəlif olur:
Yumşaq
toxumaların travması. Dəri və dərialtı toxumaların zədələnməsi
(cızıq, sıyrıq, kiçik qanaxma) böyük təhlükə yaratmır. Əzələlərin travması isə ciddi
fəsadlara səbəb ola bilər. Çünki bu zaman qanaxma başlayır və nəticədə əzələ
yırtılmasına gətirib çıxarır. Belə olanda uşaq anadan olandan sonra başını zədə
almış əzələ tərəfə əyir. Adətən 2-3 həftə yüngül prosedurlardan sonra əzələ
funksiyası bərpa olunur. Əgər bərpa olunmazsa, operativ müdaxilə olunur. Bu
travmanı alan uşaqlar tamamilə sağalırlar.
Sümük
sisteminin travması. Bu travmalara çıxıqlar, sınıqlar,
çatlar və epifizin yırtığı aiddir. Adətən körpücük sümüyünün və ətrafların
travmalarına rast gəlinir. Bunların arasında körpücük sümüyünün sınığına daha
çox təsadüf edilir. Bəzən bud sümüyünün yuxarı epifizinin qopması da baş verə
bilər. Travmanın ağırlığından asılı olaraq uşağın tam sağalması və ya əyriliyin
yaranması mümkündür.
Daxili
orqanların travması. Bu travmalar nadir rast gəlinir və
daha çox uşağın düzgün çıxarılmaması nəticəsində olur. Çox vaxt böyrəküstü vəzə,
qaraciyərə və dalağa qansızma baş verir.
Mərkəzi və
periferik sinir sisteminin travması. Bu travma ən
ağır travmalardan sayılır. Çünki fəsadları çox ağır olur: hidrosefaliya,
inkişafın ləngiməsi, epilepsiya və uşağın ölümünə səbəb ola bilər. Uşaq doğum
kanalından çıxarkən kəllə sümüyünün sıxılması nəticəsində baş beynin mexaniki zədələnməsinə,
kəllədaxili qansızmalara, onurğa beynin müxtəlif zədələnmələrinə səbəb olur.
Belə doğum travmaları hamiləlik fəsadları –
toksikoz, infeksiyalar, düşük təhlükəsi, endokrin, ürək-damar patalogiyaları
zamanı baş verir və bətndaxili hipoksiya ilə müşayət olunur.
Periferik sinir sisteminin travmalarına isə
periferik sinirlərin, sinir kələflərinin zədələnməsi aiddir. Adətən çiyin kələfinin,
üz, diafraqma sinirinin zədələnməsi əzələ fəaliyyətində məhdudlaşmaya gətirib
çıxarır. Belə zədələnmələr zamanı vaxtında və düzgün müdaxilə tam sağalmaya
imkan yaradır.
Doğum travmaları zamanı sinirləri zədələnən
uşaqların gələcəkdə nevroloji və psixoloji problemlərinin əmələ gəlmə riski
yüksəkdir. Ona görə belə uşaqların pediatr və nevropatoloq nəzarətində olmaları
mütləqdir.